İrakli Ğaribaşvili Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb
İrakli Ğaribaşvili Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Berlinə rəsmi səfəri çərçivəsində Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə ölkələr arasında mövcud tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından sözügedən səfərin xüsusi əhəmiyyəti vurğulanıb. Baş nazir Almaniyanın və şəxsən prezident Ştaynmayerin Gürcüstana müstəsna siyasi dəstəyini xüsusilə qeyd edib.

Gürcüstan və Almaniyanın çoxillik əlaqələrə və ümumi dəyərlərə əsaslanan bir-biri üçün etibarlı və dəyərli tərəfdaş olduqları qeyd olunub. Gürcüstanın Avro-Atlantik inteqrasiya prosesinin uğurunda Almaniyanın mühüm rolu xüsusilə vurğulanıb.

Həm Almaniya hökuməti, həm də müxtəlif qurumlar və özəl sektor tərəfindən uzun illərdir Gürcüstanda həyata keçirilən Almaniyanın praktiki dəstəyi qeyd olunub. Tərəflər illər ərzində ölkələr arasında mövcud uğurlu ticarət-iqtisadi tərəfdaşlığı alqışlayıblar, Almaniya şirkətlərinin Gürcüstandakı fəaliyyəti bunun əyani sübutudur.

Tərəflər alman biznesinin Gürcüstanın iqtisadi və investisiya potensialına daha çox maraq göstərməsinə kömək edəcək birgə addımlar və yollar barədə danışıblar. Baş nazir Beynəlxalq İnkişaf Bankı (KfW), Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) və digər alman qurumları tərəfindən göstərilən yardımların ölkənin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Tərəflər həmçinin regiondakı təhlükəsizlik vəziyyətini və Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti müzakirə ediblər.

İrakli Ğaribaşvili Almaniyaya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə və Almaniya hökumətinin münaqişənin sülh yolu ilə həllini təmin etmək səylərinə görə təşəkkür edib. Gürcüstanın sülh siyasətinə və bu istiqamətdə beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyinə toxunulub.

Tərəflər Avropa İttifaqı Şurasının Gürcüstana Aİ üzvlük perspektivinin verilməsi ilə bağlı tarixi qərarını alqışlayıblar. Tövsiyələrin icrası istiqamətində Gürcüstanın təqdim etdiyi fəaliyyət planına və atılan addımlara da toxunulub.

Görüşdə iki ölkə arasında əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün planlar səsləndirilib, müxtəlif istiqamətlərdə çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə tam hazırlıq ifadə olunub.

Gürcüstanın baş naziri fəxri qonaqlar kitabına xatirə yazısı qoyub.

Məlumatı Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidməti yayır.