İrakli Ğaribaşvili Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının rəhbəri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) rəhbəri Marek Şçiqellə görüşüb.
Baş nazirin mətbuat xidmətindən verilən məlumatda vida görüşündə Aİ-nin Monitorinq Missiyasının fəaliyyətinə toxunulduğu bildirilir. Hökumət başçısı Marek Şçiqelə missiyanın effektiv fəaliyyətinə və görülən işlərə görə təşəkkür edib.
“Aİ-nin Monitorinq Missiyasının işğal xətti boyunca gərginliyin artmasının qarşısını aldığı və bölgədə təhlükəsizliyin təmin edilməsini təşviq etdiyi qeyd olunub.
EUMM-un bölgədə monitorinq mandatı ilə təchiz edilmiş yeganə beynəlxalq missiya olduğu vurğulanıb.
Avropa İttifaqının digər dəyərli alətləri ilə yanaşı, monitorinq missiyasının Gürcüstanda olmasının 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin nəticələrinin aradan qaldırılmasında və münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələsində Avropa İttifaqının önəmli rolunu əyani şəkildə əks etdirdiyi qeyd olunub” – deyə Baş nazirin mətbuat xidmətinin məlumatında qeyd edilib.
Hökumət Administrasiyasında keçirilən görüşdə Avropa İttifaqının Monitorinq Missiyasının siyasi müşaviri Corc Sand iştirak edib.