İrakli Ğaribaşvili - ABŞ-ın müstəqilliyinin 246-cı ildönümünü ürəkdən təbrik edirik, iyulun 4-nü Gürcüstan və gürcü xalqı amerikalı dostlarımızla birgə qeyd edirik
İrakli Ğaribaşvili - ABŞ-ın müstəqilliyinin 246-cı ildönümünü ürəkdən təbrik edirik, iyulun 4-nü Gürcüstan və gürcü xalqı amerikalı dostlarımızla birgə qeyd edirik

 

Strateji tərəfdaşımızı, Amerika Birləşmiş Ştatlarını və dost Amerika xalqını müstəqilliyin 246-cı ildönümü münasibətilə ürəkdən təbrik edirik – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin bəyanatında qeyd olunub.

Baş nazirin də qeyd etdiyi kimi, 4 iyul təkcə Amerika xalqı üçün deyil, həm də bütün demokratik dünya üçün azadlığın, demokratiyanın, ümumi dəyərlərimizə sadiqliyin rəmzidir.

“Gürcüstanın ən yaxın tarixi də azadlıq, müstəqillik, bizim Avropa seçimimiz uğrunda mübarizə tarixidir. Bu yolda, xüsusən də Gürcüstanın müstəqilliyinin bərpa olunduğu gündən biz həmişə sadiq dostumuz və tərəfdaşımız olan Amerika Birləşmiş Ştatlarının güclü dəstəyini hiss etmişik.

30 illik diplomatik münasibətlər boyunca biz ABŞ ilə demək olar ki, bütün sahələrdə və bütün istiqamətlərdə tərəfdaşlığımızı dərinləşdiririk.

Amerika Birləşmiş Ştatlarının ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, Gürcüstanın Avropa və Avroatlantik məkana inteqrasiyası, ölkədə demokratiyanın möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi inkişaf baxımından sarsılmaz dəstəyi Gürcüstanı gücləndirir. Gürcü xalqı bu dəstəyə görə həmişə minnətdar olacaq.

Gürcüstan gələcəkdə də ümumi dəyərlərimizə və sıx tərəfdaşlığımıza sadiq qalacaq.

Amerika Birləşmiş Ştatlarına və dost Amerika xalqına sülh və firavanlıq arzulayırıq. İyulun 4-nü Gürcüstan və gürcü xalqı amerikalı dostlarımızla birgə qeyd edirik ! “-deyə baş nazirin bəyanatında deyilir.