İrakli Ğaribaşvili - 2012-ci ilə qədər biz diktatura rejimi şəraitində yaşayırdıq, demokratiyanın real əlamətləri yox idi, 2012-ci ildən sonra ölkə Avropa yolunda vacib tərəqqi əldə edib
İrakli Ğaribaşvili - 2012-ci ilə qədər biz diktatura rejimi şəraitində yaşayırdıq, demokratiyanın real əlamətləri yox idi, 2012-ci ildən sonra ölkə Avropa yolunda vacib tərəqqi əldə edib

 

2012-ci ilə qədər biz nə demokratiyanın, nə də media və azad məhkəmənin real əlamətləri olmayan diktatura, avtokratik rejim şəraitində yaşayırdıq – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avropa komissarı Oliver Varhei ilə birgə mətbuat konfransında bildirib.

Ğaribaşvili 2012-ci ildən sonra ölkənin Avropa yolunda böyük tərəqqi əldə etdiyini bildirib.

“Oliver Varhei xalqımızın və ölkənin dostu, ölkəmizin Avropa seçiminin fəal tərəfdarıdır. Ölkəmizin avropalaşması yolunda şəxsi töhfəsinə görə ona hökumət adından təşəkkür etmək istəyirəm. Cənab Varheyin səfəri Gürcüstana Avropa perspektivinin tanındığı iyun ayında Avropa Şurasının tarixi qərarından sonra ilk səfərdir.Bu bizim üçün böyük motivasiya, hakim qüvvə və xaqımız üçün böyük məsuliyyətdir. Biz bunu yaxşı başa düşmüşük və bu ruhla 12 tövsiyənin icrası üzərində işləyirik. Gürcüstanın Avropa seçiminə sadiq olduğunu bilirsiniz. Bu, bizim tarixi seçimimiz, nəsillərin seçimi və Avropa ailəsinin layiqli və tamhüquqlu üzvü olmaq arzusudur. Biz bu yolda əlimizdən gələni edirik. 2012-ci ildən sonra Avropa yolunda əldə edilən bütün nəzərəçarpacaq nəticələr istər assosiasiya sazişi, istər azad ticarət sazişi, istər vizasız rejim, istərsə də indi Avropa perspektivi hakim partiyamızın gördüyü işlərin nəticəsidir. Bütün bunları xalqımız, ölkəmiz üçün qazanmağımız təsadüfi deyildi. Bunadək çoxlu zəhmət çəkildi. Həmçinin, 2012-ci ilə qədər biz nə demokratiyanın, nə də media və azad məhkəmənin real əlamətləri olmayan diktatura, avtokratik rejim şəraitində yaşayırdıq. Üç il gecikməylə ölkədə proses başladı – assosiasiya danışıqları, vizasız rejim bizim dövrümüzdə başladı. Çox qısa müddətdə biz nəzərəçarpacaq nəticələr əldə etdik ki, bununla da Gürcüstan Şərqi Avropa Tərəfdaşlığı Qrupunda aparıcı ölkələrdən biri kimi fərqlənir” -deyə baş nazir bildirib.

Gürcüstanın baş naziri həmçinin bildirib ki, Gürcüstanın vəzifəsi ölkəni sülh yolu ilə işğaldan azad etməkdir.

“Biz həm də hansı reallıqda yaşamalı olduğumuzu çox gözəl başa düşürük, bu işğaldır, ərazilərimizin 20 faizi işğal olunub, bu, böyük çağırışdır, bizim əsas vəzifəmiz və məqsədimiz ölkəmizi sülh yolu ilə işğaldan azad etməkdir. Mən sizə və bu prosesdə fəal iştirak edən Aİ missiyasına təşəkkür etmək istəyirəm” –deyə Ğaribaşvili bildirib.