Gürcüstanın müdafiə naziri İrakli Çikovani ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Robin Danniqan ilə tanışlıq məqsədli görüş keçirib. İrakli Çikovani Robin Danniqanı Müdafiə Nazirliyində qəbul edib.
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, nazir Gürcüstana göstərdiyi qəti siyasi və praktiki dəstəyə görə ABŞ tərəfinə təşəkkür edib. Məlumatda Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq çərçivəsində, görüşdə tərəflərin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri, gələcək planlar haqqında danışdıqları deyilir.
“Diqqət müdafiə imkanlarının gücləndirilməsi baxımından atılan addımlara və beynəlxalq təlimlərin əhəmiyyətinə yönəldilib. Gürcüstanın beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilib. Görüşdə NATO-Gürcüstan əməkdaşlıq məsələləri də müzakirə olunub. Görüşün sonunda tərəflər ölkələr arasında müdafiə sahəsində məhsuldar əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər. Görüşdə ABŞ-ın müdafiə attaşesi polkovnik Cozef Bilbo iştirak edib”- deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Görüşdən sonra ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqanın dediyi kimi, görüşdə Gürcüstan və ABŞ arasında müdafiə sahəsində münasibətlər müzakirə olunub.
“Yeni müdafiə naziri İrakli Çikovani ilə möhtəşəm görüş keçirdim. İlk olaraq sizinlə görüşməkdən və nazir təyin olunmağınız münasibətilə təbrik etməkdən məmnunam, çünki müdafiə və təhlükəsizlik sahəsində əlaqələrimiz ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əsas dayağıdır. Nazirlə birlikdə əməkdaşlığımızın gələcək planlarını, Gürcüstanın müdafiə və çəkindirmə qabiliyyətini gücləndirmək üçün birlikdə necə işləyəcəyimizi müzakirə etdik. Biz təkcə Gürcüstanın müdafiə və təhlükəsizlik strukturlarının deyil, həm də Gürcüstanın NATO-ya üzv olmaq istəklərinin qətiyyətli tərəfdarıyıq. Nazirlə görüşmək və qeyd olunan məsələləri müzakirə etmək mənim üçün həqiqətən şərəf idi”- deyə Robin Danniqan açıqlayıb.