İrakli Çikovani Azərbaycanın müdafiə naziri ilə görüşüb

13:40, 02.10.2026

Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Həmkarlar arasındakı görüş Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli müdafiə nazirləri toplantısı (nazirlər sammiti) çərçivəsində, Azərbaycanın Şuşa şəhərində baş tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, tərəflər regionun təhlükəsizlik çağırışlarını, həmçinin Gürcüstanın Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasına dəstək verməyə hazırlığını müzakirə ediblər. Əsas diqqət regional və qlobal kontekstdə ölkələrin strateji roluna yönəlib.

“İrakli Çikovani və general-polkovnik Zakir Həsənov müdafiə sahəsində mövcud əməkdaşlıq planının ikitərəfli formatda həyata keçirilməsinin təfərrüatlarını müzakirə ediblər. Hərbi təhsil baxımından əməkdaşlıq məsələləri, həmçinin gürcü və azərbaycanlı hərbçilərinin təlimlərdə iştirakı qeyd edilib.

Tərəflər Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində birgə təlim və məşqlərin, həmçinin ekspert görüşlərinin əhəmiyyətindən də danışıblar.

Azərbaycan Respublikasında keçirilən üçtərəfli müdafiə nazirləri toplantısı çərçivəsində İrakli Çikovani Türkiyənin müdafiə naziri Yaşar Gülərlə də görüşüb. Müdafiə nazirləri üçtərəfli formatda da görüşlər keçiriblər. Gələn il üçtərəfli müdafiə nazirləri toplantısına Gürcüstan ev sahibliyi edəcək”, – deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilib.

Oxşar