İordaniyada gürcülərin səhra monastırının xarabalıqları üzərində işlərin planlaşdırılması üçün arxeoloqlardan ibarət qrup yollanıb
İordaniyada gürcülərin səhra monastırının xarabalıqları üzərində arxeoloji işlərin planlaşdırılması üçün arxeoloqlardan ibarət qrup yollanıb.
Məlumatı Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi yayır.
Agentliyin məlumatına əsasən, iyulda Gürcüstanın mədəniyyət nazirinin İordaniya Haşimilər Krallığına işgüzar səfəri çərçivəsində İordaniya tərəfi ilə gürcü alim-arxeoloqlardan ibarət qrupun İordaniyaya səfəri və Karak Şihan şəhərində gürcülərin səhra monastırının xarabalıqları üzərində arxeoloji işlər aparılması razılaşdırılıb.
“Nazir Karak Şihan şəhərində gürcülərin səhra monastırının yerini cari ilin iyulunda ziyarət edib. Əldə olunmuş razılığın həyata keçirilməsi məqsədilə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi ekspedisiyanın rəhbəri vəzifəsinə Tbilisi Dövlət Universitetinin professoru Vaxtanq Liçelini dəvət edib.
Bir neçə gün bundan əvvəl Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin arxeoloqları Şihan dağına işgüzar səfərə yollanıblar. Professor Vaxtanq Liçelinin rəhbərliyi altında onlar gürcülərin monastırının ərazisində kəşfiyyat arxeoloji işlərini həyata keçirəcək və genişmiqyaslı arxeoloji işlərin həyata keçirilməsi üçün layihə hazırlayacaqlar. Ərazidə gürcü arxeoloqlardan ibarət qrupla yanaşı, İordaniya Haşimilər Krallığının Turizm və Qədim Əsərlər Nazirliyinin Qədim Əsərlərin Mühafizəsi Departamentinin nümayəndəsi də var.
Arxeoloji işlərin planlaşdırılması prosesində İordaniyanın Turizm və Mədəni Dəyərlər Nazirliyinin müvafiq xidmətlərinin və yerli arxeoloqların bizə tam dəstək verməsi vacibdir.
Gürcü ekspedisiyası son illər ərzində İordaniyada fəaliyyət göstərə bilmirdi; Bundan əvvəl gürcü alim Tamila Mqaloblişvilinin rəhbərliyi ilə gürcü ekspedisiyası İordaniya və ona qonşu ölkələrdə gürcü monastırlarını aktiv şəkildə təsvir edirdi və müvafiq sənədləri tərtib edirdi; Sonradan müəyyən səbəblərə, o cümlədən pandemiyaya görə gürcü tərəfi arxeoloji işləri və tədqiqatı davam etdirə bilmədi.
Gürcülərin səhra monastırı Karak şəhərinin ən hündür dağı olan Şihanda yerləşirdi. Onun əsasını XI əsrdə gürcü din xadimi Qabriel Tbileli qoymuşdu və ömrünün son illərini də bu monastırda keçirmişdi. Səhra monastırı 13-cü əsrə qədər mövcud olmuşdu. Monastırın bir neçə əlyazması günümüzə qədər gəlib çatmışdı, onlar Yerusəlimin Yunan Patriarxlığının kitabxanasında saxlanılır. Monastır Yerusəlimin Xaç Monastırının bir növ filialı idi” – Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.