Tokioya səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilini yaponiyalı həmkarı Yaşimasa Hayaşi qəbul edib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında nazirin həmkarına göstərilən qonaqpərvərliyə görə təşəkkür etdiyi, Gürcüstan və Yaponiya arasında görkəmli çoxillik dostluq və tərəfdaşlıq münasibətlərini vurğuladığı, iki ölkə arasında diplomatik münasibətlərin 30 illik yubileyinin bunun əyani sübutu olduğunu söylədiyi deyilir.
“Nazirlər müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə və aktivləşməsinə töhfə verən ölkələr arasında mövcud yüksək səviyyəli təmasları alqışlayıblar. Tərəflər iqtisadiyyat, əlaqə, davamlı inkişaf, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, mədəni və xalqlar arası təmaslar kimi iki ölkə arasında ümumi dəyərlərə əsaslanan tərəfdaşlıq və əməkdaşlığın inkişafının potensial sahələrinə diqqət yetiriblər” -deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Nazirlikdən verilən məlumatda bildirilir ki, nazirlər həmçinin regiondakı təhlükəsizlik mühiti, cari çağırışlar fonunda Gürcüstanın artan iqtisadi inkişafı, ölkənin Avropa və Avro-Atlantik inteqrasiya gündəliyindən danışıblar. Onlar həmçinin Gürcüstanın vacib tranzit və enerji funksiyasını nəzərə alaraq, mövcud çağırışlar fonunda Cənubi Qafqaz regionunun artan rolunu qeyd ediblər.
“Görüşdə qeyd edildiyi kimi, Gürcüstanın böyük və sabit investisiya potensialı var və Yaponiya tərəfi bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
İlia Darçiaşvili Yaponiya tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib. Görüşdə o, Yaponiya hökumətinin Gürcüstana müxtəlif sektorlarda göstərdiyi yardımları, bununla da müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin inkişafına mühüm töhfə verdiyini xüsusilə qeyd edib.
Nazirlər ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümünü – 30 illiyini alqışladılar və yubiley ilini qeyd etmək üçün hər iki ölkədə keçirilən vacib tədbirləri qeyd ediblər” -deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Nazirlikdən verilən məlumatda görüş çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin yanğınsöndürən maşınların Gürcüstana təhvil verilməsinə dair memorandum da imzaladıqları deyilir.