İlia Darçiaşvili və Estoniyanın xarici işlər naziri arasında telefon danışığı baş tutub
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Estoniyanın xarici işlər naziri Eva-Maria Liimeteslə tanışlıq xaraketi daşıyan telefon danışığı aparıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, estoniyalı nazir gürcü həmkarını xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bundan əlavə, nazirlər ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər. Gürcüstan və Estoniya arasında uzunmüddətli dostluq münasibətləri və siyasi dialoqun daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
XİN-dən verilən məlumata görə, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya gündəliyinə xüsusi diqqət yetirilib, İlia Darçiaşvili Gürcüstan tərəfindən Aİ-yə üzvlük üçün edilmiş müraciətdən danışaraq, Gürcüstan hökumətinin sorğu vərəqəsinin doldurulmasının koordinasiyası üçün atdığı addımları qeyd edib.
“Nazir Gürcüstanın prioritetlərinin həyata keçirilməsi prosesində tərəfdaşların güclü dəstəyinin vacibliyini, eləcə də Avropaya inteqrasiya yolunda Assosiativ Üçlük ölkələrinin ümumi maraqlarının nəzərə alınmasının əhəmiyyətini vurğulayıb. Eva-Maria Liimets Estoniyanın Aİ-yə inteqrasiya yolunda Gürcüstana sarsılmaz dəstəyini bir daha təsdiq edib. Nazirlər regional təhlükəsizlik məsələlərini və Ukraynada davam edən müharibənin yaratdığı mühiti müzakirə edərək, iki ölkə tərəfindən Ukraynaya göstərilən siyasi və humanitar yardım, beynəlxalq səylərdə hər iki ölkənin iştirakı barədə məlumat mübadiləsi aparıblar. Nazirlər ikitərəfli yüksək əməkdaşlığın davam etdirilməsinə dair hazırlıq ifadə ediblər” -deyə yayılmış məlumatda deyilir.