İlia Darçiaşvili Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüş keçirib
BMT Baş Assambleyası çərçivəsində Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin görüşü baş tutub. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
“İlia Darçiaşvili və Mevlut Çavuşoğlu Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın cari gündəmi, iki ölkə arasında yüksək səviyyəli səfərlər və onların nəticələri barədə danışıblar. Nazirlər Gürcüstan və Türkiyə arasında beynəlxalq formatda əməkdaşlıq və qarşılıqlı dəstək məsələsini də nəzərdən keçiriblər. Gürcüstan və Türkiyənin iştirakı ilə uğurlu regional əməkdaşlıq formatlarına və bu istiqamətdə səylərin gücləndirilməsinin zəruriliyinə toxunulub. Nazirlər regionda mövcud təhlükəsizlik mühitini nəzərdən keçirib və regionun davamlı inkişafı üçün sabitlik və sülhün vacibliyini vurğulayıblar. Türkiyənin Gürcüstana qəti dəstəyi vurğulanıb”-deyə XİN-dən bildiriblər.
XİN-dən verilən məlumatda bildirilir ki, İlia Darçiaşvili həmkarına Borcomi vadisində yanğınsöndürmə işləri zamanı Türkiyənin həmrəyliyinə görə təşəkkür edib. Nazirlər strateji tərəfdaşlığın bütün mühüm məsələləri üzrə intensiv yüksək səviyyəli kommunikasiyanı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.