İlia Darçiaşvili türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb
İlia Darçiaşvili türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində, İstanbul şəhərində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumatda, görüşdə bir çox istiqamətlərdə uğurla inkişaf edən və iki ölkə arasında əlaqələrin dərinləşməsi və regional əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edən iki ölkənin strateji tərəfdaşlığının məmnunluqla qeyd olunduğu bildirilir.

“Nazirlər Gürcüstan və Türkiyə arasında yüksək səviyyəli münasibətlərin aktivləşməsini müsbət qiymətləndiriblər. Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Türkiyə Respublikasına səfəri bir daha müsbət qiymətləndirilib. Tərəflər, yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirilməsi baxımından gələcəkdə də fəal işləməyə dair hazırlıq ifadə ediblər, bu baxımdan Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfərinə toxunulub.

Çoxtərəfli istiqamətdə əlaqələrin möhkəmləndirilməsi üçün hərtərəfli format olan ölkələr arasında mövcud Strateji Əməkdaşlıq Şurasına yüksək qiymət verilib və yaxın gələcəkdə şura formatında görüşün mümkünlüyünə ümid edilib. Görüşdə Gürcüstan və Türkiyə arasında əməkdaşlığın prioritet istiqamətlərinə, o cümlədən ticari-iqtisadi əlaqələrə və onların gələcək inkişafının böyük potensialına xüsusi diqqət yetirilib. Artıq bu baxımdan uğurlu nəticələr əldə olunduğu, o cümlədən ticarət dövriyyəsinin artdığı qeyd edilib . Nazirlər ölkələr arasında ticarət və işgüzar əlaqələrin gücləndirilməsi üçün idarələr səviyyəsində işləmək barədə razılığa gəliblər. Gürcüstan və Türkiyə arasında Hökumətlərarası İqtisadi Şuranın növbəti iclasının keçirilməsi planlaşdırılıb.

Nazirlər ölkələr arasında qarşılıqlı dəstəyin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd ediblər. İlia Darçiaşvili Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi qəti dəstəyə, eləcə də Gürcüstanın xarici siyasət prioritetləri ilə bağlı Türkiyənin güclü mövqeyinə görə türk həmkarına minnətdarlığını bildirib. Nazirlər bölgədəki təhlükəsizlik mühitini müzakirə ediblər. Bu baxımdan Türkiyənin regionda sülh və sabitliyin təmin edilməsi baxımından səyləri vurğulanıb” – bu barədə rəsmi məlumatda deyilir.

Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumatda, regiondakı cari proseslərdən bəhs edilərkən Gürcüstanın Cənubi Qafqazda sabitliyin və davamlı inkişafın təmin edilməsi prosesində mühüm rolunun qeyd olunduğu deyilir.

“Bu baxımdan Türkiyənin xarici işlər naziri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Tbilisidə keçirilən ilk görüşü müsbət qiymətləndirib və Gürcüstanın gələcəkdə də bu prosesdə və regionda sülhün təmin olunmasında müsbət rol oynayacağına ümid etdiyini bildirib.

Gürcüstan və Türkiyənin xarici işlər nazirləri iki ölkənin çoxtərəfli formatlarda əlaqələrini müsbət qiymətləndiriblər və uğurla inkişaf edən Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatını və onun çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərini xüsusilə qeyd ediblər.

Görüşdə, xalqlar arasındakı sıx əlaqələrə toxunulub və nazirlər bu istiqamətdə müvafiq qurumların uğurlu əməkdaşlığını müsbət qiymətləndiriblər. Ölkələr arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü məmnunluqla qeyd olunub. Nazirlərə Gürcüstanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə yubiley üçün xüsusi olaraq hazırlanmış xatirə medalyonu təqdim olunub”- deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.