İlia Darçiaşvili -Rusiyanın öhdəliklərini yerinə yetirməsi, o cümlədən qüvvələrini Gürcüstan ərazisindən çıxarmaq üçün beynəlxalq ictimaiyyətin güclü mövqeyinin həlledici əhəmiyyət kəsb etdiyinə inanırıq
İlia Darçiaşvili -Rusiyanın öhdəliklərini yerinə yetirməsi, o cümlədən qüvvələrini Gürcüstan ərazisindən çıxarmaq üçün beynəlxalq ictimaiyyətin güclü mövqeyinin həlledici əhəmiyyət kəsb etdiyinə inanırıq

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili BMT-nin İnsan Hüquqları Şurasının yüksək səviyyəli seqmentinin 55-ci sessiyası çərçivəsində çıxış edib.

Xarici İşlər Nazirliyinin yaydığı məlumat üzrə, İlia Darçiaşvili çıxışında insan hüquqlarının müdafiəsi ilə bağlı dünyada mövcud vəziyyətə diqqət çəkib.

“Nazir insan hüquqlarının müdafiəsi ilə bağlı gürcü tərəfinin atdığı addımlardan danışıb. O, 2022-2030-cu illər üçün İnsan Hüquqlarının Müdafiəsi Milli Strategiyasının və 2024-2026-cı illər üçün Fəaliyyət Planının təsdiq edilməsinin vacibliyini qeyd edib.

Gürcüstanın işğal olunmuş bölgələrində insan hüquqlarının pozulması faktlarına xüsusi diqqət yetirilib və mövcud çağırışlar fonunda işğal olunmuş ərazilərə beynəlxalq monitorinq mexanizmlərinin buraxılmasının zəruriliyi vurğulanıb” – nazirliyin yaydığı məlumatda qeyd olunub.

Nazirlikdən verilən məlumata əsasən, İlia Darçiaşvili insan hüquqlarının müdafiəsi baxımından, eləcə də münaqişənin sülh yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyinə və onların roluna diqqət çəkib.

“Rusiyanın Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci ildə imzalanmış atəşkəs sazişi də daxil olmaqla öhdəliklərini yerinə yetirməsi və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarmaq üçün beynəlxalq ictimaiyyətin güclü mövqeyinin həlledici əhəmiyyət kəsb etdiyinə inanırıq”-Darçiaşvili bildirib.

Nazir həmçinin BMT-nin İnsan Hüquqları Şurasında “Gürcüstanla əməkdaşlıq” adlı qətnamənin əhəmiyyətini qeyd edib və bu qətnaməyə bundan sonra da böyük dəstəyin olacağına ümid etdiyini bildirib.

“Çıxışı zamanı regiondakı çağırışlardan danışan nazir Gürcüstanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha təsdiqləyib.

İlia Darçiaşvili qeyd edib ki, dünyada mövcud çağırışlar fonunda BMT-nin İnsan Hüquqları Şurasının mandatından tam istifadə olunması kritik əhəmiyyət kəsb edir və Gürcüstan şuranın üzvü kimi bu işə töhfə verməyə hazırdır.

İlia Darçiaşvili Gürcüstanın üzv ölkə kimi həm milli səviyyədə, həm də beynəlxalq formatda insan hüquqlarının müdafiəsi istiqamətində konkret addımlar atmağa hazır olduğunu bir daha təsdiqləyib” – Gürcüstan XİN-in yaydığı məlumatda deyilir.