Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Brüsselə işgüzar səfəri çərçivəsində genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Oliver Varhei ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Avropa Komissiyasının müəyyən etdiyi 12 tövsiyənin icrasına xüsusi diqqət yetirilib.
“Nazir Ali Nümayəndə Cozef Borrelin səfəri zamanı qarşıya qoyulan prioritetlərin yerinə yetirilməsi baxımından Gürcüstan tərəfinin gördüyü işlər barədə Avropa komissarını məlumatlandırıb və bir daha qeyd edib ki, ölkə bu istiqamətdə gələcək irəliləyişi maksimal olaraq təmin edəcək.
Avropa komissarı gürcü tərəfinin səylərini, xüsusilə tövsiyələrin icrası istiqamətində son vaxtlar atılan addımları müsbət qiymətləndirib və Gürcüstan hökuməti ilə sıx koordinasiyanı davam etdirməyə hazır olduğunu bildirib” – XİN-dən bildiriblər.