İlia Darçiaşvili Münhen Konfransının vitse-prezidenti və icraçı direktoru Benedikt Franke ilə görüşüb
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Münhen Konfransının rəhbərliyi, konkret olaraq konfransın vitse-prezidenti və icraçı direktoru Benedikt Franke ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, nazir tədbirin yüksək səviyyədə təşkilinə görə konfransın vitse-prezidentinə təşəkkür edib.
“Münhen Konfransı ilə Gürcüstan hökuməti arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıq vurğulanıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Nazir qlobal siyasi gündəmdəki çağırışların müzakirəsi üçün səmərəli beynəlxalq forum olan və konfransın hər zaman təşviq etdiyi Münhen Konfransı çərçivəsində Gürcüstanın layiqincə təqdim olunmasının vacibliyini vurğulayıb. Bu kontekstdə konfransın 2024-cü il üzrə hesabatına toxunulub. Gürcü tərəfi qeyd edib ki, hesabat siyasi qüvvələrdən asılı şəxslərin məlumatlarına əsaslanır”- Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.
Verilmiş məlumata əsasən, tərəflər beynəlxalq konfrans çərçivəsində gələcəkdə Gürcüstanla bağlı obyektiv məlumatların yayılması baxımından sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Konfransın icraçı direktorunun qeyd etdiyi kimi, Münhen Təhlükəsizlik Konfransı Gürcüstanın müsbət imicinin gücləndirilməsinə kömək etmək üçün Gürcüstan hökuməti ilə gələcək əməkdaşlıqda, o cümlədən birgə tədbirlərin planlaşdırılmasında maraqlıdır.