Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Kişinyova səfəri çərçivəsində Moldova Respublikasının prezidenti Maia Sandu ilə görüşüb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.
Nazirlikdən verilən məlumatda yüksək səviyyəli görüşdə tərəflərin ümumi çağırışlar və hədəflər nəzərə alınmaqla xüsusi əhəmiyyət kəsb edən iki ölkənin yaxın dostluq və tərəfdaşlığını bir daha təsdiqlədikləri deyilir.
“Tərəflər Moldova və Gürcüstanın Avropaya inteqrasiya prosesini tamamilə yeni mərhələyə daşıyan Avropa Komissiyasının tarixi qərarını alqışlayıblar. Həmçinin, Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı məlumat mübadiləsi aparıblar.
Moldova prezidenti və Gürcüstanın XİN rəhbəri Avropa İttifaqına inteqrasiyanın ümumi məqsədinə gedən yolda iki ölkə arasında sıx koordinasiyanın vacibliyini qeyd ediblər. Bu baxımdan, gələcək hədəflərin effektiv icrası məqsədilə Assosiativ Üçlük formatının əhəmiyyəti bir daha vurğulanıb. Gürcüstanın xarici işlər naziri Avropa Siyasi Birliyinin növbəti iclasının Moldovada keçirilməsi qərarını alqışlayıb və sözügedən formatın iki ölkənin Avropa İttifaqına üzvlük prosesinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib .
Görüşdə regionda gərginləşmiş təhlükəsizlik mühitinə xüsusi diqqət yetirilib.
Görüşdə tərəflər Gürcüstan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü alqışlayıblar; Ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə dərinləşdirilməsi üçün böyük potensialın olduğu və iki ölkə hökumətinin və xalqının yaxın tərəfdaşlığı gələcəkdə də davam etdirmək iradəsi qeyd edilib”- deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.