İlia Darçiaşvili - Lixtenşteynin xarici işlər nazirinin səfərini ölkə üçün belə mühüm bir dövrdə, eləcə də regionda təhlükəsizlik çağırışları fonunda dəstəyin ifadəsi kimi qiymətləndiririk
İlia Darçiaşvili - Lixtenşteynin xarici işlər nazirinin səfərini ölkə üçün belə mühüm bir dövrdə, eləcə də regionda təhlükəsizlik çağırışları fonunda dəstəyin ifadəsi kimi qiymətləndiririk

 

Biz Lixtenşteynin xarici işlər nazirinin səfərini ölkəmiz üçün belə mühüm bir dövrdə, eləcə də regionda təhlükəsizlik çağırışları fonunda dəstəyin ifadəsi kimi qiymətləndiririk -bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili, Lixtenşteynin xarici işlər naziri Dominik Hasler ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında açıqlayıb.

İlia Darçiaşvili Lixtenşteynin xarici işlər, təhsil və idman nazirinə Gürcüstana səfərinə görə təşəkkür edib.

“Hələ ötən ilin sentyabrında BMT-nin Baş Assambleyası çərçivəsində bizim ikitərəfli əməkdaşlığın gücləndirilməsi haqqında ünsiyyət qurmaq imkanımız oldu. Xanım nazirin Gürcüstana səfəri Nyu-Yorkdan başlatdığımız işlərin davamıdır. Biz ikitərəfli əlaqələrimizi dərinləşdirmək və gücləndirmək qərarına gəldik. Bu, Lixtenşteyn Knyazlığının xarici işlər nazirinin Gürcüstana ilk rəsmi səfəridir və ikitərəfli münasibətlərimiz üçün tarixi əhəmiyyət kəsb edən hadisədir. Bundan əlavə, biz bu səfəri ölkəmiz üçün belə mühüm bir dövrdə, eləcə də regionda təhlükəsizlik çağırışları fonunda dəstəyin ifadəsi kimi qiymətləndiririk. Əminəm ki, xanım nazir, sizin səfəriniz əməkdaşlığımızın gələcək inkişafına güclü təkan verəcək və biz sizinlə bu istiqamətdə fəal işləməyə hazır olduğumuzu bəyan edəcəyik” – deyə İlia Darçiaşvili açıqlayıb.

O, tərəflərin iki ölkənin iqtisadi əlaqələri dərinləşdirmək potensialına malik olması barədə razılığa gəldiyini bildirib.

“Lixtenşteynin də üzv olduğu Avropa Azad Ticarət Assosiasiyası ilə azad ticarət sazişi bunun üçün möhkəm zəmin yaradır. Razılaşmanın işə salınmasından sonra Gürcüstanla FTA ölkələri arasında artan ticarət dinamikasının olması alqışlanır və biz əminik ki, gələcəkdə də davam edəcək. Bundan əlavə, ölkəmizin iqtisadi profili, Gürcüstanın regional nəqliyyat qovşağının funksiyası və rolu, etibarlı tərəfdaş ölkə rolu avropalı tərəfdaşlar üçün çox maraqlı və cəlbedicidir. Gələcəkdə iqtisadi, nəqliyyat və logistika sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə bu istiqamətdə avropalı tərəfdaşlarımızla fəal əməkdaşlığı davam etdirəcəyik. Bu, əməkdaşlığımız üçün olduqca vacibdir, təhsil sahəsi ölkələrimiz üçün mühümdür və biz ikitərəfli görüşümüzdə bu istiqamətdə danışdıq” -deyə İlia Darçiaşvili qeyd edib.

O, Lixtenşteynin Gürcüstanın ərazi bütövlüyünü aktiv şəkildə dəstəklədiyini bildirib.

“Mən xanım nazirə dərin minnətdarlığımı bildirmək istəyirəm, çünki məsələ ölkəmizin ərazi bütövlüyü və suverenliyinə aid olanda Lixtenşteynin olduqca güclü dəstəyinə malikik. Nazir dünən işğal xəttinə getdi. Bu, bizim üçün xüsusilə vacibdir və ölkəmizin ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyə görə ona təşəkkür etmək istərdim. Biz regiondakı olduqca çətin və çağırışlarla dolu vəziyyətdən, kiçik dövlətlərin əməkdaşlığı, ikitərəfli əlaqələri necə gücləndirə, qlobal təhlükəsizlik çağırışları fonunda ölkələrimizə sülh və əmin-amanlıq gətirəcək konkret addımlar ata biləcəyinə dair danışdıq “-deyə İlia Darçiaşvili açıqlayıb.

O, bugünkü görüşdə Ukraynadakı mövcud vəziyyət və Ukraynaya yardımla bağlı danışdıqlarını bildirib.

“Biz həmçinin Ukraynada cari hadisələrdən, Rusiyanın suveren Ukraynaya qarşı hərbi təcavüzündən danışdıq. Gürcüstanın Ukraynaya humanitar və siyasi istiqamətdə necə kömək etdiyini nazirlə bölüşmək imkanım oldu. Mən onunla ukraynalı bacı-qardaşlarımıza dəstəyimizlə bağlı məlumatı bölüşdüm. Bir daha təşəkkür edirəm, xanım nazir, gəldiyiniz üçün. Səfər vədini yerinə yetirdiyinizi xüsusilə yüksək qiymətləndirirəm və Lixtenşteynə də səfər etməyi səbirsizliklə gözləyirəm. Sizə və nümayəndə heyətinizə Gürcüstanda olduğunuza və göstərdiyiniz dəstəyə görə bir daha təşəkkür edirəm”-deyə İlia Darçiaşvili qeyd edib.