İlia Darçiaşvili Gürcüstanda səfərdə olan Hindistanın dövlət xarici işlər naziri ilə görüş keçirib
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Gürcüstanda səfərdə olan Hindistanın dövlət xarici işlər naziri Menakşi Lexi ilə görüş keçirib.
Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumatda, görüşdə tərəflərin Gürcüstan və Hindistan arasında əlaqələrin cari məsələlərini müzakirə etdikləri deyilir. XİN-dən bildirilib ki, görüşdə iqtisadiyyat, mədəniyyət, təhsil və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafının vacibliyinə xüsusi diqqət yetirilib.
“İki ölkə arasında mədəni-təhsil sahəsində mövcud əməkdaşlıqdan bəhs edilərkən, Gürcüstanda hindistanlı tələbələrin ali təhsil alması üçün hər cür şəraitin yaradıldığı məmnunluqla qeyd olunub. Həmçinin görüş zamanı Hindistan iş adamlarının Gürcüstandakı fəaliyyətinə və onun gələcək inkişaf perspektivlərinə toxunulub.
Bundan əlavə, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Gürcüstanın xarici işlər naziri Hindistan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə yönəlik dəstəyə görə təşəkkür edib. Görüşün sonunda tərəflər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər”- deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.