İlia Darçiaşvili - Gürcüstan və Moldovanın Avropadan aldıqları tövsiyələr var, ölkələrimizin Avropaya inteqrasiyasını daha da sürətləndirmək üçün fəaliyyətimizi davam etdirəcəyik
Ölkələrimizin Avropaya inteqrasiyasını daha da sürətləndirmək üçün Moldova ilə işləməyi davam etdirəcəyik -bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Moldovaya səfəri zamanı açıqlayıb.
Darçiaşvili həm Gürcüstan, həm də Moldovanın müəyyən edilmiş konkret prioritetlərinin olduğunu, Avropadan tövsiyələr alındığını və bu istiqamətdə də Moldova ilə sıx koordinasiya olacağını bildirib.
“Moldova səfərinin bu məqamda iki mühüm vəzifəsi var – biri Moldova ilə ikitərəfli münasibətləri gücləndirmək istəyimizdir. Fikrimcə, bu səfərin əsas istiqamətlərindən biri ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə yeni təkan verəcəyimizdir, bu isə hazırda olduqca zəruridir. Digər tərəfdən, həm Moldova, həm də Gürcüstan Avropa ailəsinə qoşulmağa can atır. Biz xarici istiqamətimizin əsas prioritetlərindən biri kimi ümumi Avropa gələcəyini seçmişik. Ölkələrimizin Avropaya inteqrasiyasının daha da nəzərəçarpacaq və səmərəli olması baxımından bu prosesi necə daha çox koordinasiya etmək, daha çox birgə səylər göstərməklə bağlı bu səfər çərçivəsində razılaşdıq. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Həm Gürcüstan, həm də Moldovanın müəyyən edilmiş konkret prioritetləri var, Avropadan tövsiyələr alınıb. Bu istiqamətdə də sıx koordinasiyamız olacaq, çünki bizim ümumi məqsədimiz var və yaxşı əməkdaşlığımız olacaq.
İkitərəfli münasibətlərimizin daha bir istiqaməti iqtisadiyyat, ticarət, nəqliyyatdır. Bu da gələcəkdə böyük diqqət yetirəcəyimiz məsələ olacaq. Biz bunun zəruri olduğunu müzakirə etdik və hökumətlərarası iqtisadi komissiyanın gələn il keçiriləcəyi barədə praktiki olaraq danışdıq, komissiya bu istiqamətdə öz vacib impulslarını verəcək”- deyə İlia Darçiaşvili bildirib.