İlia Darçiaşvili - Gürcüstan hökuməti islahatların ardıcıllığını müəyyən edən deoliqarxizasiya qanununa uyğun genişmiqyaslı tədbirlər planını təsdiqləyib
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bildirib ki, hökumətin bugünkü iclasında deoliqarxizasiya üzrə fəaliyyət planı təsdiq edilib.
İlia Darçiaşvili sənədin irimiqyaslı olduğunu və həyata keçiriləcək islahatların ardıcıllığını müəyyən etdiyini bildirib.
“Hökumətin bugünkü iclasında deoliqarxizasiya qanununa uyğun fəaliyyət planı təsdiq edilib. Biz bu sənədi bir neçə həftə əvvəl, Avropa Komissiyasının tövsiyələrindən əvvəl yaratdıq. Sənəd irimiqyaslı və dərin məzmunludur, deoliqarxizasiya istiqamətində həyata keçiriləcək islahatların ardıcıllığını, o cümlədən vaxt baxımından müəyyən edir. Bu qanunvericilik və islahatların arxasında mürəkkəb proseslərin dayandığını bilirik, bu, ədalət mühakiməsi sisteminə, Gürcüstanın korrupsiyaya qarşı mübarizə istiqamətində qanunvericilik məkanının daha da təkmilləşdirilməsinə, rəqabət istiqamətində atılmalı olan konkret addımlara aiddir. Müvafiq olaraq, bugünkü qərar da və Gürcüstan hökumətinin iclasında qəbul edilən bu sənəd də bizim Avropaya inteqrasiya istiqamətində aktiv dinamikanı qoruyub saxlayacağımız daha bir mexanizm olacaq”- İlia Darçiaşvili bildirib.