İlia Darçiaşvili qazax həmkarı ilə görüşüb
İlia Darçiaşvili qazax həmkarı ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberd ilə görüşüb. Görüş Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Qazaxıstan Respublikasına səfəri çərçivəsində baş tutub.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən verilmiş məlumatda, Gürcüstan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın cari məsələlərinin müzakirə edildiyi deyilir. İki ölkə arasında ənənəvi dostluq münasibətləri və ticarət-iqtisadiyyat, nəqliyyat, turizm və mədəniyyət sahələrində fəal əməkdaşlığı əhatələyən əlaqələrin müsbət dinamikası vurğulanıb. Transxəzər dəhlizinin fəaliyyətinin effektivliyinə və imkanlarının artırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən beynəlxalq strukturlarda namizədliklərin dəstəklənməsi istiqamətində əməkdaşlıq məmnunluqla qeyd olunub.

Nazirlər həmçinin iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıblar. Bu kontekstdə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizminin effektivliyi vurğulanıb. Tərəflər siyasi məsləhətləşmələrin növbəti mərhələsinin 2022-ci ilin sonunda Gürcüstanda keçirilməsi barədə razılığa gəliblər.

Görüşdə İlia Darçiaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirib.

Nazirlər həmçinin Gürcüstan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyini vurğulayıblar.