İlia Darçiaşvili Estoniya, Latviya və Litva parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb
İlia Darçiaşvili Estoniya, Latviya və Litva parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Estoniya, Latviya və Litva parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Marko Mihkelson, Rihards Kols və Laima Andrikienes ilə görüş keçirib. Məlumatı Xarici İşlər Nazirliyi yayır.

İdarədən verilən məlumatda, nazirin Baltikyanı ölkələrin parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin bugünkü çağırışlar fonunda əlavə əhəmiyyət kəsb edən birgə səfərini alqışladığı deyilir.

“Görüşdə diqqət siyasi dialoqun daha da aktivləşdirilməsinə və sıx ünsiyyətin qorunmasına yönəldilib.

Nazir Gürcüstanın Avropaya inteqrasiya istiqamətində həyata keçirdiyi islahatların dönməzliyini vurğulayıb. Aİ-nin tövsiyələrinin və gələcək planlarının həyata keçirilməsində əldə edilən irəliləyişlərə diqqət yetirilib.

Avro-atlantik inteqrasiya kontekstində NATO-nun gələn il Vilnüsdə keçirilməsi planlaşdırılan sammitinə toxunulub. İlia Darçiaşvili NATO-ya inteqrasiya baxımından Gürcüstanın əldə etdiyi irəliləyişlərə diqqət çəkib. Gürcüstanın sammitlə bağlı gözləntiləri və Baltikyanı ölkələrin dəstəyinin vacibliyi qeyd edilib.

Tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət, Cenevrə danışıqlarının və Gürcüstan hökumətinin sülh siyasətinin əhəmiyyəti, həmçinin Gürcüstan məsələsinin daim beynəlxalq gündəmdə saxlanmasının vacibliyi xüsusilə vurğulanıb.

Estoniya, Latviya və Litva parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də xarici siyasət prioritetlərini qəti şəkildə dəstəklədiklərini təsdiqləyiblər” -deyə məlumatda deyilir.