İlia Darçiaşvili Cenevrə Beynəlxalq Danışıqlarının BMT və ATƏT-dən olan həmsədrləri ilə görüş keçirib
İlia Darçiaşvili Cenevrə Beynəlxalq Danışıqlarının BMT və ATƏT-dən olan həmsədrləri ilə görüş keçirib

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Cenevrə Beynəlxalq Danışıqlarının BMT və ATƏT-dən olan həmsədrləri – Cihan Sultanoğlu və Viorel Moşanu ilə görüş keçirib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə Rusiya-Gürcüstan münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub. Regionda yaranmış təhlükəsizlik mühitinə xüsusi diqqət yetirilib, bu kontekstdə Cenevrə Beynəlxalq Danışıqlarının əhəmiyyəti və Rusiyanın 12 avqust 2008-ci il tarixli atəşkəs sazişindən irəli gələn , o cümlədən məcburi köçkünlər və qaçqınların təhlükəsiz və ləyaqətlə qayıtmasını əhatə edən beynəlxalq öhdəlikləri yerinə yetirməsi kimi gündəliyin əsas məsələlərində nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün formatdan səmərəli istifadə edilməsinin zəruriliyi vurğulanıb.

“Nazir Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xəttinə yaxın ərazidə təhlükəsizlik mühitinə, eləcə də işğalçı qüvvələrin təhlükəsizlik, humanitar və insan hüquqları baxımından vəziyyəti daha da çətinləşdirən qanunsuz hərəkətlərinə diqqət çəkib. Bu fonda Gürcüstanın bölgələrinin Rusiya tərəfindən işğalı və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məsələsinin beynəlxalq ictimaiyyətin gündəmində yüksək səviyyədə saxlanmasının zəruriliyi vurğulanıb. Görüşdə, həmçinin Gürcüstan hakimiyyətinin sülh siyasətinə və Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində həm de-okupasiya, həm də barışıq və iştirak ölçülərində göstərilən səylərə toxunulub. Bu prosesdə Cenevrə danışıqlarına həmsədrlik edən beynəlxalq təşkilatların səmərəli iştirakının zəruriliyi qeyd edilib. Görüşdə tərəflər Cenevrə Beynəlxalq Danışıqlar formatından səmərəli istifadə , Rusiya işğalından zərər çəkmiş insanların təhlükəsizlik və humanitar problemlərinin həlli istiqamətində fəal işi davam etdirəcəklərini təsdiqləyiblər” – deyə Xarici İşlər Nazirliyin məlumatında deyilir.