İlia Darçiaşvili - Bolqarıstanın dəstəyi xüsusilə mühümdür, ilin sonunda Gürcüstana statusun verilməsi ilə bağlı tarixi qərarı qeyd edəcəyimizə əminik
İlia Darçiaşvili - Bolqarıstanın dəstəyi xüsusilə mühümdür, ilin sonunda Gürcüstana statusun verilməsi ilə bağlı tarixi qərarı qeyd edəcəyimizə əminik

 
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Bolqarıstana səfəri çərçivəsində bu ölkənin vitse baş naziri, xarici işlər naziri Mariya Qabriel ilə görüşüb.

Gürcüstanın Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda görüş çərçivəsində Bolqarıstanın vitse baş nazirinin Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını və ölkəyə namizəd statusunun verilməsini qətiyyətlə dəstəklədiyini xüsusilə vurğuladığı deyilir. Qurumun yaydığı məlumata əsasən, görüşdə Gürcüstan və Bolqarıstanın ümumi Avropa dəyərlərini paylaşdıqları və Gürcüstanın bu yolda Bolqarıstanın siyasi və praktiki dəstəyinə arxalanmalı olduğu qeyd edilib.

Bundan əlavə, tərəflər Gürcüstanın həm Avropa İttifaqına inteqrasiya yolunda, həm də Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsi baxımından əldə etdiyi nailiyyətə xüsusi diqqət yetiriblər. Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşma prosesində apardığı islahatlar və səylərinin müsbət qiymətləndirildiyi deyilir.

Xarici işlər naziri İlia Darçiaşvilinin bolqarıstanlı həmkarı ilə görüşdən sonra dediyi kimi, Bolqarıstanın Gürcüstanın xarici prioritetlərinə verdiyi dəstək xüsusilə mühümdür.

“Əziz nazir, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Gürcüstanın Avropa və Avro-Atlantik məkana inteqrasiyasına davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür etmək istərdim. Təhlükəsizlik problemləri fonunda Bolqarıstanın Gürcüstanın xarici prioritetlərinə qətiyyətli dəstəyi xüsusilə vacibdir. Ötən il Avropa Şurası və Avropanın liderləri Gürcüstana Avropa perspektivi vermək barədə qərar qəbul etdilər, bu da Gürcüstanın Avropa İttifaqına yönəlik səylərinə əhəmiyyətli təkan verdi və Gürcüstanın bir çox nəsillərinin arzusunu gerçəkləşdirdi. Tarixi qərardan təxminən bir il ərzində Gürcüstan Avropa İttifaqının 12 bəndini yerinə yetirmək üçün ciddi səylər göstərdi. Əminik ki, bu ilin sonuna kimi biz Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması üçün əsas olacaq Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı daha bir tarixi qərarı qeyd edəcəyik. Bu, Gürcüstanın Avropa gələcəyi üçün həlledici mərhələdir – bunlar Avropa demokratik ölkələri ailəsində Gürcüstanın yerini möhkəm şəkildə bərqərar edəcək strateji və gələcəyə yönəlmiş qərarlardır”- İlia Darçiaşvili bildirib.