Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda görüşdə Gürcüstanın BMT-nin Ali Komissarının Ofisi ilə uğurlu əməkdaşlığına, təşkilatın məcburi köçkünlərin və qaçqınların vəziyyətinin yaxşılaşdırılması üçün Gürcüstanda həyata keçirdiyi mühüm layihələrə toxunulduğu deyilir. Həmçinin Gürcüstan hökumətinin məcburi köçkünlərin sosial və humanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığı siyasət yüksək qiymətləndirilib.
Xarici İşlər Nazirliyinin məlumatında Ali Komissarın Gürcüstan hökumətinin Ukraynadakı müharibə fonunda dünyada yaranmış ağır humanitar nəticələri nəzərə almaqla olduqca vacib məsələ olan ukraynalı qaçqınların qəbulu baxımından səylərini müsbət qiymətləndirdiyi deyilir.
Tərəflər Gürcüstanın işğal olunmuş bölgələrində mövcud vəziyyəti müzakirə ediblər və sülh siyasətinin aparılması prosesində BMT-nin mühüm rolunu qeyd ediblər.