İlia Darçiaşvili BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı ilə görüşüb
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili BMT-nin İnsan Hüquqları üzrə Ali Şurasının Cenevrədə keçirilən sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Turk ilə görüş keçirib.
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda görüşdə tərəflərin Gürcüstanın 2023-2025-ci illər üçün BMT-nin İnsan Hüquqları Şurasına üzvlüyünü alqışladıqları və Gürcüstanın şuranın əsas prinsipləri və vəzifələrinin yerinə yetirilməsi prosesində səmərəli fəaliyyətini vurğuladıqları deyilir.
“Həmçinin, Gürcüstanın təşkilat üçün mühüm əhəmiyyət kəsb edən qadınların, uşaqların, MİŞ, etnik azlıqların, məcburi köçkünlərin hüquqlarının müdafiəsi, insan hüquqları sahəsi və s.-də ekoloji aspektin aktivləşdirilməsi kimi məsələlərlə bağlı olan üzvlük prioritetlərini müsbət qiymətləndiriblər.
Görüşdə insan hüquqlarının müdafiəsi baxımından Gürcüstanın işğal olunmuş bölgələrində yaranmış ağır vəziyyətə və bu məsələnin beynəlxalq gündəmdə saxlanması baxımından BMT-nin Ali Komissarının mühüm roluna da toxunulub.
İnsan Hüquqları Şurasının qəbul etdiyi və hər il işğal olunmuş bölgələrdə insan hüquqlarının ağır vəziyyətinə diqqət çəkən “Gürcüstanla əməkdaşlıq” adlı qətnamənin əhəmiyyəti qeyd olunub. Görüşdə insan hüquqlarının müdafiəsi üzrə dövlət strategiyasına xüsusi diqqət yetirilib və strategiyanın Gürcüstan tərəfindən təsdiqlənməsi faktı müsbət qiymətləndirilib. Nazir Gürcüstanda Ali Komissarı qəbul etməyə dair hazırlıq ifadə edib” – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.