İlia Darçiaşvili Belçika Krallığının xarici işlər naziri ilə görüşüb
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Brüsselə səfəri çərçivəsində Belçika Krallığının xarici, Avropa işləri, ticarət və federal mədəniyyət institutları naziri Hadia Labibi ilə görüş keçirib.
XİN-dən verilən məlumatda, görüşdə ölkələrin XİN rəhbərlərinin iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və dostluq əlaqələrindən danışdığı deyilir.
Məlumata əsasən, nazirlər bir daha müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini, o cümlədən ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsinin yüksək potensialını qeyd ediblər.
Belçika tərəfi bir daha Belçika Krallığının Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və ölkənin Avropa və Avro-Atlantik inteqrasiyasına güclü dəstəyini vurğulayıb. Avropa Komissiyasının Gürcüstana Avropa perspektivinin tanınması ilə bağlı tarixi qərarının əhəmiyyəti vurğulanıb və Avropa Komissiyasının tövsiyələrinin həyata keçirilməsindən sonra Gürcüstana namizəd statusunun veriləcəyinə ümid edildiyi bildirilib. Bu mühüm prosesdə Belçika Krallığının dəstəyinin əhəmiyyəti qeyd edilib.
Ölkələr arasında əlaqələrin dərinləşdirilməsi məsələsindən danışarkən nazirlər Gürcüstanın “Europalia” beynəlxalq incəsənət festivalında fəxri qonaq qismində iştirakının əhəmiyyətini xüsusilər qeyd ediblər ki, bu da Gürcüstanı və onun mədəniyyətini təkcə Belçika Krallığında deyil, həm də Avropa qitəsində və dünyada populyarlaşdırmaq üçün yaxşı fürsətdir. Görüşdə nazirlər ikitərəfli münasibətlərin dərinləşməsi prosesində yüksək səviyyəli səfərlərin əhəmiyyətini bir daha qeyd ediblər. İlia Darçiaşvili belçikalı həmkarını Gürcüstana dəvət edib.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.