İlia Darçiaşvili Avropa Komissiyasının dəyərlər və şəffaflıq məsələləri üzrə vitse-prezidenti ilə görüşüb
İlia Darçiaşvili Avropa Komissiyasının dəyərlər və şəffaflıq məsələləri üzrə vitse-prezidenti ilə görüşüb

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Brüsselə işgüzar səfəri çərçivəsində Avropa Komissiyasının dəyərlər və şəffaflıq üzrə vitse-prezidenti Vera Yurova ilə görüş keçirib.

Görüş zamanı müzakirə olunmuş əsas mövzu Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi olub. Nazir Avropa Komissiyasının tövsiyyələrinin yerinə yetirilməsi baxımından Gürcüstanın əldə etdiyi irəliləyişlər barədə Avropa Komissiyasının vitse-prezidentini məlumatlandırıb və ümidvar olduğunu bildirib ki, Gürcüstanın tərəqqisi və həyata keçirilən islahatlar layiqincə qiymətləndiriləcək və ölkəyə namizəd statusunun verilməsi haqqında müvafiq qərarda öz əksini tapacaq.

Görüşdə Gürcüstanın qanunun aliliyi sahəsində göstərdiyi səylərə toxunulub və Gürcüstanın Avropa dəyərlərinə və Avropa İttifaqına inteqrasiya yolunda öhdəliklərinə sadiq olduğu bir daha təsdiqlənib.

Görüşün sonunda tərəflər sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.