İlia Darçiaşvili - Almaniya Gürcüstanın Avropaya inteqrasiyasını və onun tezliklə namizəd statusu əldə etmək istəyini fəal şəkildə dəstəkləyən ölkədir
Bu, çox vacib görüş idi, Gürcüstanın Almaniyanın beynəlxalq gündəmində olacağı barədə danışdıq, bu da fikrimcə Avropaya inteqrasiyamızı daha da güclü, nəticəyönümlü etmək üçün tərəfdaşlarımızla birgə çox fəal işləməyi davam etdirməyə kömək edəcək – bu barədə xarici işlər naziri İlia Darçiaşvili Berlinə səfəri çərçivəsində alman həmkarı Analena Berbok ilə görüşü dəyərləndirərkən açıqlayıb.
Nazir iki ölkənin xarici işlər nazirliyinin rəhbərlərinin görüşündə Gürcüstan və Almaniya arasında əlaqələrin dərinləşdirilməsinin zəruriliyinə, eləcə də Almaniyanın Gürcüstanın Avropaya inteqrasiya prosesində mühüm roluna xüsusi diqqət yetirildiyini bildirib.
İlia Darçiaşvili gürcü tərəfinin Almaniyanın xarici işlər nazirinə Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi istiqamətində Gürcüstan hökuməti və hakim komandanın həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdiyini açıqlayıb.
“Almaniya tərəfinə Gürcüstan hakimiyyətinin bu prosesi maksimum inklüzivliklə sona çatdırmağa çalışdığı aydın oldu. Təbii ki, Gürcüstanın onların xarici siyasətində aktual olması, Almaniyanın Gürcüstanın Avrointeqrasiyasına dəstək verməsi istiqamətində həmkarımdan tam dəstək aldıq” -deyə İlia Darçiaşvili bildirib.
Xarici işlər naziri həmçinin səfər çərçivəsində Gürcüstan və Almaniya hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlığa dair memorandumun imzalanmasının vacibliyini vurğulayıb.
“Mən Gürcüstan hökuməti adından Almaniya ilə Gürcüstan arasında mədəni əməkdaşlığı gücləndirəcək memorandum imzalamaq şərəfinə nail oldum. Fəaliyyətinin nəticəsi olaraq qeyd olunan memoranduma nail olduğumuz komissiya baş nazir İrakli Ğaribaşvilinin ilk baş nazirliyi dövründə yaradılıb. Bu memorandum əməkdaşlığımızın yeni mexanizmi olacaq və ölkələrimizin daha da yaxınlaşmasına və dostlaşmasına töhfə verəcək” – deyə Darçiaşvili bildirib.
Gürcüstanın birinci diplomatının sözlərinə görə, alman həmkarı ilə söhbətdə regionda cərəyan edən hadisələrə də toxunulub.
Darçiaşvili tərəfindən verilən məlumatda bildirilir ki, gürcü tərəfi regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində Gürcüstanın mühüm rolundan və Gürcüstan hökumətinin bu istiqamətdə atdığı addımlardan danışıb.
“Biz bu istiqamətdə də Almaniyanın dəstəyini alacağıq , bizim ümumi məqsədimiz regionda sülhü qorumaq olmalıdır və əminəm ki, birgə səylərlə regionumuzu daha da təhlükəsiz və cəlbedici edə biləcəyik” -deyə İlia Darçiaşvili bildirib.