İlham Əliyev - Vaxtanq Kikabidze Azərbaycanın böyük dostu idi, onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Azərbaycan Prezidenti İlham Əliyev Vaxtanq (Buba) Kikabidzenin vəfatından kədərləndiyini ifadə edir.
“Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndik. Vaxtanq Kikabidzenin adı gürcü mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunub. Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir.
Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur.
Vaxtanq Kikabidze Azərbaycanın böyük dostu idi. Onun yaradıcılığı Azərbaycan xalqı tərəfindən hər zaman sevilmiş, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənilmişdir. O, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə də mühüm töhfələr vermişdir. Görkəmli sənətkar və səmimi insan Vaxtanq Kikabidzenin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm”, – Əliyev başsağlığı məktubunda qeyd edir.
Müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze 84 yaşında vəfat etdi.