İlham Əliyev "Minaların ətraf mühitə təsirinin azaldılması, təhlükəsiz gələcək üçün resursların səfərbər olunması" adlı beynəlxalq konfransın iştirakçılarına müraciət etdi
İlham Əliyev "Minaların ətraf mühitə təsirinin azaldılması, təhlükəsiz gələcək üçün resursların səfərbər olunması" adlı beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

 
2020-ci ilin müharibəsinin başa çatmasından bu günədək minaların təsiri nəticəsində 361 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb – bu haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətində qeyd olunub.

Müraciət “Minaların ətraf mühitə təsirinin azaldılması– Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” adlı beynəlxalq konfransın iştirakçılarına göndərilib.

Əliyevin sözlərinə görə, minaların partlaması nəticəsində 68 nəfər həlak olub, 293 nəfər isə ağır xəsarətlər alıb.

“Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsidir. Minalar keçmiş təmas xəttinin arxasında yerləşən yollarda, qəbiristanlıqlarda və digər mülki obyektlərdə gizlədilib. Azərbaycanın ərazisində 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış və yenidən minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür” – İlham Əliyev qeyd edib.

Azərbaycanın Prezidenti bildirib ki, ilkin hesablamalara görə, ölkə ərazisinin təxminən 12 faizi 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatla çirklənib.

“Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda, inkişaf və bərpa işlərinə əngəl yaradır, bu da 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir. İndiyədək təxminən 140 min hektar ərazi 119 946 mina və partlamamış hərbi sursatdan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Minaları yerləşdirmək asan, onları təmizləmək qat-qat mürəkkəb prosesdir. Qısa müddət ərzində Azərbaycan bütün qüvvələrini səfərbər edib, dünyanın ən qabaqcıl və ən müasir texnologiyalarından istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə işlər görülür və imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb”- deyə İlham Əliyev qeyd edib.