İlham Əliyev helikopterin qəzaya uğraması nəticəsində prezidentin və onu müşayiət edən digər şəxslərin həlak olması ilə əlaqədar İranın ruhani lideri Ayətullah Əli Xameneiyə başsağlığı verib
İlham Əliyev helikopterin qəzaya uğraması nəticəsində prezidentin və onu müşayiət edən digər şəxslərin həlak olması ilə əlaqədar İranın ruhani lideri Ayətullah Əli Xameneiyə başsağlığı verib

 
Azərbaycanın Prezidenti İlham Əliyev helikopterin qəzaya uğraması nəticəsində prezidentin, xarici işlər nazirinin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə əlaqədar İranın ruhani lideri Ayətullah Əli Xameneiyə başsağlığı verib.

“Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm” – Əliyevin Azərbaycan mətbuatında dərc olunan məktubunda deyilir.

Məlumat üçün bildirək ki, İranın Prezidenti, xarici işlər naziri ölkənin şimal hissəsində helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Təyyarədə doqquz nəfər olub. İbrahim Rəisi İran-Azərbaycan sərhəd bölgəsindən İranın şimal-qərb hissəsində yerləşən Təbriz şəhərinə gedirmiş. İranın Prezidenti İbrahim Rəisi Azərbaycanın Prezidenti İlham Əliyevlə birgə iştirak etdiyi bəndin açılış mərasimindən qayıdırmış.