İlham Əliyev - qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir
İlham Əliyev - qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir

 

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Ğaribaşviliyə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubu göndərib. Müvafiq məlumatı Azərbaycan mediası yayır.

İlham Əliyevin məktubunda qeyd edildiyi üzrə, əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamış iki ölkə xalqının iradəsinə uyğun olaraq Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin son otuz ildə hərtərəfli inkişafı böyük məmnunluq doğurur.

“Diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadiyyat, enerji, nəqliyyat-logistika, humanitar və digər sahələrdə əlaqələrimizin möhkəmlənməsi üçün mühüm zəmin olmuşdur. Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, reallaşmış birgə layihələr çoxşaxəli əməkdaşlığımızın genişlənməsində əhəmiyyətli rol oynamışdır. Etibarlı strateji tərəfdaş olan ölkələrimizin beynəlxalq strukturlar çərçivəsində də səmərəli əməkdaşlıq etmələrini yüksək qiymətləndirirəm” – deyə Azərbaycan liderinin məktubunda deyilir.

Əliyev məktubda irimiqyaslı nəqliyyat-kommunikasiya layihələrinin uğurla həyata keçirilməsində sıx əməkdaşlığı xüsusilə qeyd edir. O, bunun Avropa ilə Asiyanı birləşdirən regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə töhfə verdiyini hesab edir.

“Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Hesab edirəm ki, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar vardır.
Əminəm ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daim genişləndirilməsi, xalqlarımızın rifahı, ölkələrimizin və regionumuzun çiçəklənməsi naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Fürsətdən istifadə edərək sizə cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına isə daim əmin-amanlıq, firavanlıq və rifah diləyirəm” -deyə Azərbaycan prezidenti İlham Əliyevin məktubunda deyilir.