İqtisadiyyat Nazirliyi - Gürcüstan və Türkiyə arasında kənd təsərrüfatı məhsulları üzrə tariflərin liberallaşdırılması məqsədi ilə aparılan danışıqlar uğurla başa çatıb
İqtisadiyyat Nazirliyi - Gürcüstan və Türkiyə arasında kənd təsərrüfatı məhsulları üzrə tariflərin liberallaşdırılması məqsədi ilə aparılan danışıqlar uğurla başa çatıb

 

Azad Ticarət Sazişi ilə yaradılmış ikitərəfli birgə komitə çərçivəsində 2016-cı ildən kənd təsərrüfatı məhsullarına tariflərin sonrakı liberallaşdırılması ilə bağlı Gürcüstan və Türkiyə nümayəndə heyətləri arasında aparılan danışıqlar uğurla başa çatıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayır.

Dekabrın 23-də Tbilisidə Birgə Komitənin 13-cü iclası keçirilib. Nümayəndə heyətlərinə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladze və Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu rəhbərlik ediblər.

Görüşdə tərəflər Gürcüstan-Türkiyə Azad Ticarət Sazişi çərçivəsində artıq liberallaşdırılan məhsullar siyahısına əlavə olunacaq məhsulların siyahısını razılaşdırıblar. Nəticədə Gürcüstanda bal, meyvə şirələri və mürəbbələr, konservlər, gilas, yaşıl çay və bir sıra digər kənd təsərrüfatı məhsullarının istehsalçıları azad ticarət rejimində Türkiyə bazarına daxil edə və ya məhsulları artıra biləcəklər.

2022-ci ilin birinci yarısında ölkədaxili prosedurlar həyata keçiriləcək və elə bu vaxt sazişin mətninə dəyişikliklər rəsmi şəkildə daxil ediləcək.

Nümayəndə heyətlərinin rəhbərləri Azad Ticarət Sazişi ilə yaradılmış İkitərəfli Birgə Komitə formatının mühüm nailiyyətini – Gürcüstan, Türkiyə və Aİ arasında 2021-ci ilin aprelində diaqonal kumulyasiyanın fəaliyyətə başlamasını , bunun da üçtərəfli ticarəti əhəmiyyətli dərəcədə asanlaşdıracağını və yeni sektorlarda ixracı stimullaşdıracağını vurğulayıblar.

Qeyd olunub ki, tərəflər Azad Ticarət Sazişinin xidmətləri ilə ticarətə şamil olunması istiqamətində fəal şəkildə işləməyi davam etdirəcəklər. Görüşdə nəqliyyat, fiziki şəxslərin hərəkəti və elektron kommersiya xidmətləri ilə bağlı əlavənin mətnləri müzakirə olunub.

Tərəflərin qərarına əsasən, komitənin növbəti iclasına qədər danışıqlar ekspertlər səviyyəsində davam edəcək.