İqtisadiyyat nazirinin müavini Quram Quramişvili rumıniyalı həmkarı ilə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasına dair dördtərəfli sazişin imzalanması məsələsini müzakirə edib
İqtisadiyyat nazirinin müavini Quram Quramişvili rumıniyalı həmkarı ilə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasına dair dördtərəfli sazişin imzalanması məsələsini müzakirə edib

 
İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili Rumıniyanın Nəqliyyat və İnfrastruktur Nazirliyinin dövlət katibi Adrian Foqi ilə görüşüb və onunla Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasına dair dördtərəfli sazişin imzalanması məsələsini müzakirə edib.

Görüş “Tbilisi İpək Yolu Forumu” çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi çərçivəsində Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin aktivləşdirilməsinə xüsusi diqqət yetirilib. Nazir müavini Rumıniyanın regional nəqliyyat-logistika proseslərində əhəmiyyətini vurğulayıb.

Görüşdə Qara dənizdə Gürcüstan və Rumıniya arasında dəniz bərə daşımalarının intensivliyinin artırılması, avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Qara dəniz fiber kabel layihəsi və s. kimi məsələlərə toxunulub.

Sonda tərəflər prioritet istiqamətlərin dərinləşdirilməsi məqsədilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayıb.