İens Stoltenberq - tərəfdaşlıq müharibə səbəbilə daha da vacib oldu, dəstəyi gücləndirmək üçün Ukrayna, Gürcüstan, Moldova, Bosniya və Herseqovinanın xarici işlər nazirləri ilə görüşəcəyik
Tərəfdaşlarımız təhlükəsiz olsalar, biz daha da qorunmuş olacağıq – bu barədə NATO-nun baş katibi İens Stoltenberq Buxarestdə NATO nazirlərinin görüşü çərçivəsində davam edən beynəlxalq konfransda çıxışı zamanı açıqlayıb.
İens Stoltenberq Ukraynada davam edən müharibədən də danışıb və alyansın Rusiyanın bu müharibədə uğur qazanmasına imkan verməməli olduğunu bildirib.
“Putinin qalib gəlməsinə imkan versək, biz hamımız uzun illər boyu daha böyük bədəl ödəyəcəyik, çünki o zaman Putin və digər avtoritar liderlər qəddar güc yolu ilə məqsədlərinə çata biləcəklərinə dair nəticə çıxaracaqlar. Bu, onları daha çox güc tətbiq etməyə təşviq edəcək, bu da dünyamızı daha təhlükəli və bizi daha həssas edəcək. Bu səbəbdən Ukraynanı dəstəkləmək bizim uzunmüddətli təhlükəsizlik marağımızdadır.
Təcavüzkar qalib gələrsə, uzunmüddətli sülh bərqərar ola bilməz. Azadlıq və demokratiya ilə mübarizədə avtokratiya, repressiya qalib gəlsə, uzunmüddətli sülh olmayacaq. Biz əksər müharibələrin danışıqlar masası arxasında bitdiyini bilirik, lakin danışıqlar masasında baş verənlər birbaşa döyüş meydanında baş verənlərlə bağlıdır. Bundan irəli gələrək, davamlı sülh üçün şərait yaratmaq məqsədilə biz Ukraynanın müstəqil və suveren dövlət kimi uğur qazanmasını təmin etməliyik. Biz Ukraynaya hərbi dəstəyi davam etdirməliyik. NATO-nun lazım olduğu qədər Ukraynanın yanında olacağı bizim mesajımızdır. Biz geri çəkilməyəcəyik” – deyə NATO-nun baş katibi bildirib.
O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin NATO-ya Rusiyanın təzyiqi, təcavüzü və təhdidləri ilə üzləşən digər tərəfdaşlarını unutdurmadığını bildirib.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi bizə Rusiyanın təzyiqi, təcavüzü və təhdidləri ilə üzləşən digər tərəfdaşlarımızı unutdurmadı. Üstəlik, bu müharibə bizim tərəfdaşlığımızı daha da vacib etdi. Məhz bu səbəbdən NATO xarici işlər nazirləri Buxarest görüşündə üzləşdiyimiz çağırışlara cavab vermək və bu ölkələrin dayanıqlılığına, siyasi müstəqilliyinə və özlərini daha yaxşı müdafiə edə bilmələri üçün silahlı qüvvələrinin modernləşdirilməsinə dəstəyimizi gücləndirmək üçün ukraynalı həmkarları, eləcə də Gürcüstan, Moldova, Bosniya və Herseqovinanın xarici işlər nazirləri ilə görüşəcəklər. Onlar daha yaxşı qorunmuş olsalar, biz daha da təhlükəsiz olacağıq” – deyə NATO-nun baş katibi bildirib.