İens Stoltenberq - Rusiyanın qəddarlığı çoxlarını təəccübləndirdi, lakin təəccüblənməyə əsas yoxdur - Qroznıdakı qəddarlıq, Gürcüstanın işğalı, Ukraynada da müharibə fevralda deyil, 2014-cü ildə başlayıb
Rusiyanın Ukraynadakı qəddarlığı çoxlarını təəccübləndirdi, lakin təəccüblənməyə əsas yoxdur, çünki müharibənin getdiyini gördük. Qroznıdakı qəddarlıq, Gürcüstanın işğalı, Hələbin bombalanması və Ukraynada da müharibə fevralda deyil, 2014-cü ildə başlayıb-bu barədə NATO-nun baş katibi İens Stoltenberq açıqlayıb.
NATO rəhbəri bunun Moskvanın öz siyasi məqsədlərinə çatmaq üçün hərbi gücdən istifadə etdiyi modelin bir hissəsi olduğunu qeyd edib.
Stoltenberq bildirib ki, Çin ilk dəfə olaraq Rusiyanın yeni NATO üzvlərini qəbul etməmək tələbinə dəstəyini ifadə edib. Şimali Atlantika Alyansının rəhbəri Rusiya və Çinin daha çox əməkdaşlıq etdiyini və Çinin Rusiyanın Ukraynaya təcavüzünü pisləmədiyini açıqlayıb.
Stoltenberq Rusiyanın İranla əlaqələri genişləndirdiyini və Şimali Koreyadan silah idxal etdiyini bildirib.
“Reallıq ondan ibarətdir ki, əgər biz Ukraynanın Avropada müstəqil demokratik xalq olaraq qalacağı şərtilə münaqişənin sülh yolu ilə, danışıqlar yolu ilə həllini istəyiriksə, indi Ukraynanı dəstəkləməliyik. Silah sülhə aparan yoldur. İlk dərs müdafiəyə daha çox sərmayə qoymağımızdır. Bu, uzun müddətdir ki, NATO-nun mesajıdır. İkinci mesaj, ikinci dərs avtoritar rejimlərdən asılılığın təhlükəli olmasıdır. Söhbət bizim təhlükəsizliyimizdən gedir. Biznes də siyasətdir. Odur ki, biz digər avtoritar rejimlərlə, xüsusən də Çinlə eyni səhvə yol verməməliyik. Biz bir xammaldan, onların məhsullarından bizi həssas edəcək qədər asılı ola bilmərik. Biz onların öz növbəsində bizə qarşı istifadə etdikləri texnologiyaların ixracının qarşısını almalıyıq. Biz limanlardan və hava limanlarından başlamış 5-ci nəsil şəbəkələrə qədər infrastrukturumuza nəzarəti təmin etməliyik. Heç kim demir ki, Çinlə iş görməməliyik, əsas odur ki, təhlükəsizliyimizə xələl gətirməyəcək şəkildə hərəkət edək”-deyə İens Stoltenberq bildirib.