İens Stoltenberq - Buxarest sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağına dair qərar qəbul etdik, NATO-nun qapısı açıqdır və Buxarest sammitinin qərarı qüvvədədir
NATO-nun qapısı açıqdır və 2008-ci ilin Buxarest sammitinin qərarı qüvvədədir -bu barədə NATO-nun baş katibi İens Stoltenberq Buxarestdə NATO ministerialı çərçivəsində davam edən beynəlxalq konfransda çıxışı zamanı açıqlayıb.
Stoltenberq Rusiyanın veto hüququnun olmadığını və alyansa üzvlük məsələsinin yalnız 30 NATO üzvü və namizəd dövlətlərin qərar verəcəyi bir məsələ olduğunu bildirib.
“2008-ci ildə Buxarest sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağı barədə qərar verdik. Mən özüm də bu sammitdə iştirak etmişəm. Mən o zaman daha gənc idim və Norveçi baş nazir kimi təmsil edirdim. Mən o qərarları çox yaxşı xatırlayıram və biz bu gün də onları qəti şəkildə dəstəkləyirik. NATO-nun qapısı açıqdır və biz bunu Monteneqro və Şimali Makedoniyanın NATO-ya üzv olmasına imkan verərək nümayiş etdirdik. Və bu, Rusiyanın etirazlarına baxmayaraq baş verdi. Biz göstərdik ki, Rusiyanın veto hüququ yoxdur və NATO-ya üzvlük 30 NATO üzvü və namizəd dövlətlərin verəcəyi qərardır. Putin NATO-nun Rusiya sərhədlərində daha az təmsil olunmasını istədiyini söyləyərək Ukraynaya müdaxilə etdi. Real olaraq isə, o, əksini əldə etdi – NATO qüvvələri daha çox alyansın şərq cinahında təmsil olunur. Bununla yanaşı, Finlandiya və İsveç NATO-ya üzv olacaqlar. NATO-nun qapısının açıq olduğunu göstərdik. Biz bunu təkcə sözlə deyil, həm də əməlimizlə göstərdik” -deyə NATO-nun baş katibi qeyd edib.