"IDS Borjomi Georgia" şirkətinin baş direktoru əməkdaşlarla görüşməyi planlaşdırır
"IDS Borjomi Georgia" şirkətinin baş direktoru əməkdaşlarla görüşməyi planlaşdırır

 

Vasitəçiliyin on ikinci günündə “IDS Borjomi Georgia”-nın baş direktoru “Borjomi” şirkətinin əməkdaşları ilə görüşməyi planlaşdırır. Görüş birinci və ikinci zavodların işçiləri ilə ayrı-ayrılıqda keçiriləcək. Artıq şirkət bu barədə əməkdaşlarını məlumatlandırıb.

Paralel olaraq, zavodun qarşısında şirkət əməkdaşlarının etirazı davam edir. Onlar yeni müqavilələrin şərtlərinə və şirkətin əməkdaşlarını işdən çıxarmaq qərarına etiraz edirlər. Onlar işdən çıxarılan əməkdaşların işə yenidən qaytarılmasını, köhnə müqavilənin şərtlərinə qayıtmağı və kollektiv müqavilənin şərtləri ilə bağlı razılaşmanın əldə olunmasını tələb edirlər. Şirkətin işdən çıxarılan əməkdaşlarının bir hissəsinə iki aylıq təzminat köçürülüb.

Kənd Təsərrüfatı, Ticarət və Sənaye İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi Qiorqi Diasamidze Borjomidədir. Onun sözlərinə görə, əgər işçilərin problemləri vasitəçilik prosesində həll olunmasa, onlar davanı məhkəmə yolu ilə davam etdirəcəklər.

“Şirkətin işdən çıxarılmayan əməkdaşları ilə əlaqə saxlanılıb və bildirilib ki, bu gün şirkətin baş direktoru ilə görüş keçiriləcək. Biz ilk gündən Machavariani ilə görüş tələb edirdik. Lakin hər kəslə, o cümlədən işdən çıxarılan əməkdaşlarla görüş keçirilməsə, bu görüşdə iştirak etməyəcəyik. Bu görüşdən çox şey gözləmirik. Tələblərimiz dəyişməz olaraq qalır. Birincisi, işdən çıxarılan əməkdaşlar iş yerlərinə geri qaytarılmalıdır. İkincisi, biz köhnə müqavilənin şərtlərinə qayıtmağı, sonra isə maaş artımını tələb edirik. Vasitəçilik prosesi gedir və nəticə əldə etməsək, davanı məhkəmədə qanuni şəkildə davam etdirəcəyik” – deyə Qiorqi Diasamidze bildirib.