İan Lipavski - Gürcüstan Aİ tövsiyələrinin icrasında irəliləyiş göstərir, lakin Çexiya və Aİ-nin daha çox aktivlik tələb etdiyi sahələr var
Gürcüstan Aİ tövsiyələrinin icrasında irəliləyiş göstərir, lakin Çexiya və Aİ-nin daha çox aktivlik tələb etdiyi sahələr var-bu barədə Çexiyanın xarici işlər naziri İan Lipavski Gürcüstanın Birinci Kanalına eksklüziv müsahibəsində bildirib.
Aİ-yə sədrlik edən ölkənin baş diplomatı deoliqarxizasiya və siyasi parçalanmanı belə sahələr olaraq göstərib.
Müsahibə zamanı Lipavski həmçinin bildirib ki, “Çexiya Gürcüstanın Avropa ambisiyalarını dəstəkləyir, lakin, bu gərgin iş tələb edən çox uzun prosesdir”.
Lipavski bildirib ki, hazırkı geosiyasi kontekst Avropada bu məsələdə Gürcüstanla işləmək istəyi yaradıb.
“İcazənizlə bir daha təkrarlamaq istəyirəm ki, Çexiya gürcülərin Avropa perspektivini qətiyyətlə dəstəkləyir. Ölkənizin son məqsədi Avropa İttifaqına üzv olmaqdır, biz bunu çox yaxşı başa düşürük və sizi dəstəkləyirik. Bilirəm ki, Gürcüstan əhalisinin 80%-dən çoxu öz ölkəsini Avropa İttifaqının üzvü kimi görmək istəyir. Bu olduqca uzun və çətin, məsuliyyətli prosesdir, buna nail olmaq üçün çox çalışmaq lazımdır. Bu gün biz geosiyasi kontekstin Avropada bu məsələylə bağlı Gürcüstanla işləmək istəyi yaratdığı bir vəziyyətdəyik. Bu 12 tövsiyəni əhatə edir, tövsiyənin icrası Gürcüstanı Aİ üzvlüyünə namizəd statusuna aparacaq. Çexiya bizim rus imperializmi ilə üz-üzə qalmaq kimi ümumi tarixi irsimiz və taleyimizdən irəli gələrək bunun üçün lobbiçilik edir. Mən demək istərdim ki, Gürcüstan bu 12 tövsiyənin həyata keçirilməsində irəliləyiş göstərir, lakin Çexiya və Aİ institutlarının daha çox aktivlik tələb etdiyi sahələr var. Mən deoliqarxizasiyadan və ya siyasi parçalanmadan danışıram, bu azaldılmalı və sakitləşdirilməlidir, çünki bu nəyinki, konkret siyasi qüvvələrin, həm də bütün cəmiyyətin, bütün ölkənin vəzifəsidir”- deyə Lipavski bildirib.
Çexiyanın xarici işlər naziri ilə müsahibənin tam versiyasını noyabrın 11-də, saat 14:00-da Gürcüstan radiosunun efirində Levan Axalaianın “Dünya xəbərləri” proqramında dinləyə biləcəksiniz.