İaqo Xviçianı ombudsman kimi dəstəkləmək müqabilində “Qirçi” partiyalara ombudsmanın iki müavini vəzifəsini təklif edir
İaqo Xviçianın ombudsman kimi namizədliyini dəstəkləmək müqabilində “Qirçi” siyasi partiyalara ombudsmanın iki müavininin vakant vəzifəsini təklif edir.
Partiyanın yaydığı bəyanatda qeyd edildiyi üzrə, ombudsmanın müavinləri postları ən çox dəstək alacaqları iki partiyanın namizədlərinə veriləcək.
“Biz inanırıq ki, insan öz bədəninə sahibdir və onun əsas hüquqları yaşamaq, azadlıq və mülkiyyət hüququdur. Bütün digər hüquqlar bundan irəli gəlir.
Bu üçü ilə ziddiyyət təşkil edən müxtəlif insan qrupları üçün süni şəkildə uydurulmuş “hüquqlar” öz təbiətinə görə hüquq deyil, imtiyazlardır.
Bugünkü Gürcüstanda sistem insan azadlığına ən ağrılı şəkildə təsir edir. Həbsxanada olan insanlar dövlət qarşısında ən həssasdırlar.
Məhkumlarla yanaşı, bir çox insan şərti cəza altındadır və normal həyat üçün zəruri olan hüquqlardan məhrum edilir.
Namizədimiz seçilərsə, ombudsman və onun aparatı ədalət mühakiməsi və penitensiar sistemlərdə insan hüquqlarının müdafiəsinə effektiv parlament nəzarətinə diqqət yetirəcək.
Bu hüquqlarla (həyat, azadlıq, mülkiyyət) bağlı qanunvericilik təşəbbüslərimiz olacaq və fikrimizcə, fundamental insan hüquqlarına zidd olan normativ aktların dəyişdirilməsi üçün parlamentdən dəstək istəyəcəyik və qurbanı olmayan cinayətlərin heç olmasa həbsxana ilə cəzalandırılmaması üçün Gürcüstan parlamentini əmin etməyə çalışacağıq.
Eyni zamanda, biz başa düşürük ki, insan hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif partiyaların fərqli baxışları və prioritetləri var, lakin Avropaya inteqrasiya kontekstində geniş konsensus lazımdır, “Gürcü Arzusu”na və müxalifət partiyalarına təkliflə müraciət edirik:
Ombudsmanın iki müavini var. Bu iki mövqeyi ombudsman seçkisində ən çox dəstək alacağımız iki partiyaya verəcəyik. Bu müavinlərin vasitəsilə isə partiyalar öz prioritet mövzuları üzərində işləyə biləcəklər.
Təklifimiz paylaşılarsa, ombudsmanın seçilməsi geniş konsensusun yaxşı nümunəsi olar. Bu, nəinki Avropaya inteqrasiya prosesində müsbət rol oynayacaq, həm də bu institutun daha səmərəli fəaliyyət göstərməsinə kömək edəcək və nəticədə bu, vətəndaşlarımızın hüquqlarının daha yaxşı müdafiəsində özünü göstərəcək” – deyə “Qirçi”nin məlumatında bildirilir.