Hüquq-mühafizə orqanları külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir nəfəri saxlayıb, digər şəxs isə axtarışa verilib
Bir nəfər külli miqdarda dələduzluqda saxlanılıb, digər şəxs axtarışa verilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə bir nəfəri saxlayıb, digər şəxs barəsində isə axtarış elan edilib.
DİN-in məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər saxta reklamlar və uydurma müqavilələrdən istifadə edərək vətəndaşlara mənzil tikintisi və təmiri xidmətləri təklif ediblər.
“İşlərin qısa müddətdə görüləcəyi bəhanəsi ilə təqsirləndirilən şəxslər zərərçəkənlərdən ümumilikdə 242 min lari məbləğində pulu əvvəlcədən alıblar və öhdəliklərini yerinə yetirmədən həmin vəsaiti mənimsəyiblər.
Hüquq-mühafizə orqanları keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxslərdən birini məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıb, digər təqsirləndirilən şəxs barəsində isə qiyabi qaydada cinayət təqibi başlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, həmçinin 3-cü hissəsinin “b” və “g” bəndləri ilə aparılır. Bu maddələr 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə DİN-in məlumatında bildirilir.