Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri Hökumət Administrasiyasında keçirilən iclasda gündəliyə daxil olan 21 məsələni müzakirə ediblər.
Müzakirə olunan məsələlər arasında günlük ezamiyyə xərclərinin artırılması ilə bağlı hökumətin qərarında dəyişiklik edilməsi olub.
Belə ki, ölkədaxili ezamiyyətlər üçün gündəlik xərc norması hazırkı 15 laridən 30 lariyə artırılır, ölkədən kənarda ezamiyyətlər və yaşayış sahəsinin kirayəsi üçün gündəlik xərc normaları isə hər bir ölkəyə münasibətdə, mövcud reallıq nəzərə alınmaqla müəyyən edilir.
Dəyişiklik nəticəsində həm ölkə daxilində, həm də xaricə ezamiyyətlər zamanı günlük və yaşayış sahəsinin kirayəsi xərclərinin mövcud reallığa mümkün qədər uyğunluğu təmin ediləcək.
Həm dövlət, həm də özəl sektor yenilənmiş normaları rəhbər tutacaq və onlar üçün maliyyə nazirinin əmri ilə oxşar normalar müəyyən ediləcək.