Hökumətin bugünkü iclasında gündəlikdə nəzərdə tutulmuş 16 məsələ müzakirə olunub
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib. Hökumətin mətbuat xidmətindən verilən məlumata əsasən, Nazirlər Kabinetinin üzvləri gündəlikdə nəzərdə tutulmuş 16 məsələni müzakirə ediblər.
Verilmiş məlumatda İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Gürcüstanın müxtəlif regionlarında, o cümlədən Samtsxe-Cavaxeti, Kaxeti, Şida Kartli və İmeretidə həyata keçirilməsi planlaşdırılan üç külək və beş su elektrik stansiyası layihəsinin müzakirə olunan məsələlər arasında olduğu deyilir.
“Hökumətin iclasında təqdim olunan enerji layihələrinin ümumi gücü 250 MVt-dan artıqdır, investisiyaların ümumi həcmi isə 400 milyon ABŞ dollarını aşır. Sözügedən elektrik stansiyalarının investor şirkətləri ilə müvafiq müqavilələr imzalanacaq, bunun əsasında da layihələrin texniki-iqtisadi əsaslandırılmasının öyrənilməsinə, o cümlədən tikinti işlərinə başlanacaq” – deyə hökumətin məlumatında qeyd olunub.