Hökumət investorlara üç il ərzində 1500 meqavatlıq elektrik stansiyalarının tikintisinin təşviqini nəzərdə tutan yeni dəstək sxemi təklif edir
Hökumət investorlara üç il ərzində 1500 meqavatlıq elektrik stansiyalarının tikintisinin təşviqini nəzərdə tutan yeni dəstək sxemi təklif edir

 
İnvestorlara üç il ərzində 1500 meqavatlıq elektrik stansiyalarının tikintisinin təşviqini nəzərdə tutan yeni dəstək sxemi təklif edirik – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

O, ölkənin su elektrik stansiyalarının tikintisini təşviq etməklə təxminən 2,2 milyard dollar sərmayə qoyacağını bildirib.

“Bildiyiniz üzrə, Ukraynada davam edən müharibə və böhran ölkələrin və dövlətlərin üz-üzə qaldığı çətinlikləri yenidən gün işığına çıxardı, bu enerji təhlükəsizliyi və enerji müstəqilliyidir. Gürcüstan kifayət qədər böyük ehtiyatlara, xüsusən də su ehtiyatlarına malikdir. Bundan irəli gələrək bu resursdan mümkün qədər rasional istifadə etmək və onu mənimsəmək lazımdır. Bu, əsas prioritetimizdir və son bir neçə ay ərzində məhz bu istiqamətdə aktiv işləyirik. Beynəlxalq Valyuta Fondu ilə də məsləhətləşmələrimiz oldu və təqdim etdiyimiz bu sxem onlarla demək olar ki, razılaşdırıldı, üzərindən keçildi və bir neçə günə rəsmiləşəcək.

Bildiyiniz üzrə, son illərdə dırnaq arası “Zəmanətli satınalma sxemi” dayandırılmışdı və bu istiqamətdə təxminən 800 MVt-dək su elektrik stansiyaları üçün memorandumlar verilib, lakin bəzilərinin tikintiyə başlamasına baxmayaraq, bu müqavilələr imzalanmayıb. Bu bir məsələdir. İkinci məsələ – yeni layihələrin taleyi də qeyri-müəyyən idi, ümumiyyətlə investorlar daha çox aydınlığa ehtiyac duyurdular. Bu səbəbdən yeni sxem belədir: dövlət tərəfindən stansiyanın işə salınmasından 15 il ərzində qiymətlər arasındakı fərqin CFD razılaşması ilə, investorlara təklif edəcəyimiz sxem enerji layihələrinə dəstəyi nəzərdə tutur. Yeni dəstək sxemi növbəti üç il ərzində hərrac yolu ilə ümumi gücü 1500 meqavat olan elektrik stansiyalarının tikintisinə dəstəyi əhatə edir. Haqqında danışdığım 800 meqavat, eləcə də Namaxvan, Nenskra, Xudon kimi böyük layihələr buraya daxil deyil. Yəni ümumilikdə sadəcə 1500 meqavat gücə malik SES-in tikintisini təşviq etməklə biz təxminən 2,2 milyard dollar investisiya gözləyirik. Buna 800 meqavatlıq layihələr və ayrıca müzakirə edəcəyimiz digər iri layihələr də əlavə olunacaq. Demək olar ki, qarşıdakı üç il ərzində bütün bu layihələrin imzalanacağını və işə salınacağını nəzərə alaraq, biz enerji sektoruna ən azı 3 milyard dollar investisiya gözləyirik. Bu, çox vacib qərardır, çünki bir tərəfdən aydınlıq gətiririk, digər tərəfdən isə bildiririk ki, bu, əsas prioritetimizdir. Təbii ki, investorlara maksimum dəstək olacaq.

Həmçinin, demək istərdim ki, iqtisadiyyatı ikirəqəmli, artıq 10 faiz artırmağımız fonunda, son iki ildə generasiya artımla ayaqlaşa bilmir, təbii ki, istehlak da artır və yeni su elektrik stansiyalarının tikintisinə başlamazsaq, bu yaxın bir neçə ildə çətinliklər yaradacaq. Bu, son dərəcə vacibdir və vurğulamaq istəyirəm ki, bizim əsas vəzifəmiz ölkənin malik olduğu bütün resurslardan rasional və ağıllı şəkildə istifadə etmək olmalıdır. Üstəlik, bu, bərpa olunan, təmiz enerjidir və təbii ki, daha çox dəstəyə ehtiyac duyur” – deyə İrakli Ğaribaşvili bildirib.