Hökumət Administrasiyasında Milli Təhlükəsizlik Şurasının iclası keçirilib
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Baş nazirin mətbuat xidmətindən verilən məlumatda görüşdə qlobal və regional təhlükəsizlik mühitinin vacib tendensiyaları və çağırışlarının müzakirə edildiyi deyilir.
İdarədən verilən məlumatda həmçinin onların milli səviyyəli konseptual sənədlərin yenilənməsi prosesini müzakirə etdikləri deyilir.
“Qeyd edək ki, cari ilin fevral ayına olan vəziyyətə əsasən, milli təhlükəsizlik konsepsiyasının yekun variantı parlamentə təqdim edilmək üçün hazır idi, lakin kəskin şəkildə dəyişmiş təhlükəsizlik mühiti nəzərə alınaraq, sənədin təhlükəsizliyin mövcud mühiti ilə uyğunlaşdırılması prosesi gedir.
Paralel olaraq, dəyişən təhlükəsizlik mühitini və mövcud çağırışları əks etdirən təhlükələrin qiymətləndirilməsi sənədinin və milli müdafiə strategiyasının yenilənməsi üzrə aktiv iş aparılır.
İclas iştirakçıları vacib infrastrukturun mühafizəsi sahəsində islahatların gedişatı və konseptual-hüquqi bazanın yaradılması prosesini də müzakirə ediblər. O cümlədən vacib infrastruktur obyektlərinin sektoral siyahılarının tərtibi prosesinə diqqət yetirilib” -deyə məlumatda deyilir.
Baş nazirin rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında şuranın katibi, daxili işlər naziri Vaxtanq Qomelauri və şuranın daimi üzvləri: müdafiə naziri Cuanşer Burchuladze, maliyyə naziri Laşa Xutsişvili, xarici işlər naziri İlia Darçiaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze və Müdafiə Qüvvələrinin komandanı Qiorqi Matiaşvili iştirak ediblər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.