"Hizbullah" İsrailin şimal hissəsinə dronlarla zərbə endirib, 6 nəfər xəsarət alıb
"Hizbullah" İsrailin şimal hissəsinə dronlarla zərbə endirib, 6 nəfər xəsarət alıb

 
“Times of Israel” Livanda fəaliyyət göstərən “Hizbullah” qruplaşmasının İsrailin şimal hissəsinə dronlarla zərbə endirməsi haqda məlumat verir. Nəticədə 6 nəfər xəsarət alıb.

İsrail mediasının Naharia şəhərinin Tibb Mərkəzinin direktoruna istinadən yazdığı üzrə, xəstəxanada hazırda 6 nəfər qalır. Onların arasında yaralılardan birinin vəziyyəti ağırdır. Qəlpənin parçaları onun baş nahiyəsinə dəyib.

İsrail mediası “Hizbullah”ın hücumunu əks etdirən videonu da yayır.

“Hizbullah” qruplaşmasında İsrail istiqamətində pilotsuz uçuş aparatlarını buraxdıqlarını təsdiqləyiblər. Qruplaşmanın üzvləri hədəflərinin hərbi infrastruktur olduğunu deyirlər. Bununla yanaşı, “Hizbullah” qruplaşmasında bunun, İsrailin ötən həftə Beyruta etdiyi və nəticədə qruplaşmanın hərbi komandiri Fuad Şukrinin qətlə yetirildiyi hücumun qisası olmadığını bildirirlər.

“HƏMAS” hərəkatının lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi, “Hizbullah”ın yüksək rütbəli məmuru Fuad Şukrinin isə Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İran İsraili cavab tədbirləri ilə hədələyib. Amerika mediasının yazdığı kimi, ABŞ kəşfiyyatı İrandan İsrailə iki hücum dalğasının gözlənildiyini ehtimal edir. Bunlardan birini İranın dəstəyi ilə Livanda fəaliyyət göstərən “Hizbullah” qruplaşması, digərini isə İran və onun marionet qruplaşmaları həyata keçirəcək. Lakin, Amerika mediası, kəşfiyyatın İsrailə ilk kimin hücum edəcəyi və Tehranın nə etməyi planlaşdırdığı barədə hələ məlumatının olmamasını xəbər verir.

Anonim mənbələr Tehranda hücum planlarının hələ də işlənmə mərhələsində olduğunu xəbər verirlər. Məlumat üçün bildirək ki, ötən həftə İranın İsrailə qarşı gözlənilən hücumu fonunda ABŞ Yaxın Şərqə döyüş təyyarələrinin eskadronunu və əlavə hərbi gəmilər göndərib.