Hindistanda həkimin qətli ilə əlaqədar bütün ölkə üzrə həkimlər 24 saatlıq tətil elan ediblər
Hindistanda həkimin qətli ilə əlaqədar bütün ölkə üzrə həkimlər 24 saatlıq tətil elan ediblər

Hindistanda həkimin zorlanması və öldürülməsi ilə əlaqədar bütün ölkə üzrə həkimlər 24 saatlıq tətil elan ediblər.

Hindistanda tibbi xidmətləri iflic edən tətilə bir milyondan çox həkimin qoşulacağı gözlənilir.

Bu, Hindistanda həkimlərin ən böyük tətilidir.

Tibb müəssisələri yalnız fövqəladə hallarda xəstələri qəbul edəcək, onlara tibb fakültələrinin müəllimləri tərəfindən xidmət göstəriləcək.

Ötən həftə Kolkata şəhərindəki tibb kollecində 31 yaşlı qadın stajyer həkimin zorlanaraq öldürülməsi həkimlərin kütləvi etirazlarına səbəb olub. Aksiya iştirakçıları cinayətkarların ciddi şəkildə cəzalandırılmasını, həkimlərin və ümumilikdə qadınların təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

Hindistan hökuməti tətil edənlərə vəd edib ki, tibb işçilərinin müdafiəsini gücləndirmək üçün tədbirlər hazırlamaq üçün xüsusi komissiya yaradılacaq.

2012-ci ildə Dehlidə avtobusda tələbənin qrup şəklində zorlanması ilə bağlı səs-küylü hadisədən sonra Hindistan hakimiyyəti cinsi zorakılığa görə cəzanı sərtləşdirsə də, hüquq müdafiəçiləri bu tədbirlərin vəziyyəti ciddi şəkildə dəyişmədiyini deyirlər.