Həkim tərəfindən verilən məlumatda Vake parkında xəsarət alan uşağın süni tənəffüs aparatına qoşulu olduğu, həyati funksiyalarının normal həddə olduğu deyilir
Həkim tərəfindən verilən məlumatda Vake parkında xəsarət alan uşağın “New Hospitals”a köçürüldüyü və süni tənəffüs aparatına qoşulu olduğu deyilir.
“New Hospitals”ın həkimi pasiyentin intensiv terapiya şöbəsinə yerləşdirildiyini bildirib.
“Hazırda həyati funksiyalar normal həddədir. Müxtəlif tədqiqatlar aparılır və ümid edirik ki, hər şey yaxşı olacaq.Lakin, bizim bildiyimiz müəyyən ağırlaşmalar var və bununla mübarizə aparmağa hazırıq. Uşaq süni ağciyər ventilyasiyasına, süni tənəffüsə qoşulu vəziyyətdədir, şüuru bulanıqdır. Elektrik travması, sarsıntı keçirib, Xeçinaşviliyə aparmışdılar, intubasiya edildi və sonra bizə köçürüldü.
Uşaq süni ağciyər ventilyasiyasına qoşularaq reanimasiyanın uşaq intensiv terapiya şöbəsinə yerləşdirilib. Gözlənilən ağırlaşmalar ən azı 72 saat ərzində baş verə bilər” – deyə həkim bildirib.
Mövcud məlumata görə, Vake parkında oynayarkən uşaqların topu fəvvarənin içərisinə düşüb, onu çıxararkən üç azyaşlını elektrik cərəyanı vurub. Onlardan ikisi Xeçinaşviliyə, biri isə İaşvili Klinikasına yerləşdirilib. Azyaşlılardan biri klinikada dünyasını dəyişib.
Baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi elektrik və ya istilik enerjisi , qaz, neft və ya neft məhsulları müəssisəsində təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi ilə istintaq başladıb.