Hava Limanları İttifaqı - Kutaisi Beynəlxalq Hava Limanında 700 avtomobil üçün dayanacaq təşkil edilmişdir
Kutaisi Beynəlxalq Hava Limanında əlavə 500 avtomobil üçün yeni dayanacaq və kanalizasiya sistemi təşkil edilib-məlumatı Gürcüstan Hava Limanları İttifaqı yayır.
Verilmiş məlumatda, ümumilikdə 20 000 m2 asfalt örtüyünün salındığı, magistral yollar, piyada yolları və parkinq sisteminin layihələndirildiyi və təşkil edildiyi deyilir. Həmçinin yeni drenaj sistemi çəkilib və dekorativ hasar düzülüb. Ayın sonuna kimi ərazinin işıqlandırma sistemi tam şəkildə təşkil olunacaq.
“Kutaisi Beynəlxalq Hava Limanının abadlaşdırılması dayanacağın genişləndirilməsi ilə davam edir. Mövcud 200 avtomobillik dayanacaq 700-ə çatdırılıb.
Kutaisi Beynəlxalq Hava Limanında bütün beynəlxalq standartlara cavab verən müasir avtomobil dayanacağı var.
Bu il Davit Ağmaşenebeli adına hava limanında bir sıra mühüm infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır. O cümlədən platformanın və təyyarə dayanacağının bərpasına, həmçinin 3,5 km uzunluğunda yeni uçuş-enmə zolağının tikintisinə başlanılacaq ki, bu da gələcəkdə Kutaisi Hava Limanında bütün növ sərnişin və yük təyyarələrini qəbul etməyə və onlara xidmət göstərməyə imkan verəcək” – bu barədə Gürcüstan Hava Limanları İttifaqının yaydığı bəyanatda deyilir.
Dayanacaqların genişləndirilməsi layihəsinə 3,9 milyon lari sərmayə qoyulub və bu layihəni Gürcüstan Hava Limanları İttifaqı öz gəlirləri hesabına tam qarşılayıb.