Hakan Fidan Kazanda Vladimir Putinlə görüşüb

12:08, 18.06.2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kazan şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşün əvvəlində Putin Türkiyə ilə münasibətlərin sabit şəkildə inkişaf etdiyini bildirib.

“Əlaqələrimiz artıq formal çərçivələri aşaraq dostluq xarakteri alıb. Bu, böyük ölçüdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi yanaşmanın nəticəsidir. Ərdoğana ən xoş arzularımızı çatdırın. Biz onu ölkəmizdə hər zaman məmnuniyyətlə qəbul etməyə hazırıq”, – deyə Putin bildirib.

Öz növbəsində Hakan Fidan Türkiyə Prezidentinin salamlarını Putinə çatdırıb və qeyd edib ki, regionda və dünyada müzakirə olunmalı çoxsaylı mühüm məsələlər mövcuddur.

“Regionumuzda və dünyada olduqca gərgin gündəm var. Bu məsələlərdə sizin təcrübəniz çox önəmlidir. Müzakirə etməli olduğumuz çoxlu mövzu var”, – deyə Fidan vurğulayıb.

Putinlə görüşdən sonra mediaya açıqlama verən Türkiyə xarici işlər naziri bildirib ki, Ankara Rusiya ilə Ukrayna arasında müharibənin diplomatik yolla başa çatdırılmasını dəstəkləyir.

“Türkiyə bütün növ dəstəyi göstərməyə, o cümlədən növbəti danışıqlara ev sahibliyi etməyə hazırdır”, – deyə Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Rusiyada keçirdiyi görüşlər zamanı Ukrayna məsələsində Moskvanın mövqeyində dəyişiklik müşahidə etməyib.

“Rus rəsmilərinin Ukrayna ilə bağlı baxışlarının dəyişmədiyini gördüm. Onlar bildirirlər ki, Donetsk məsələsi həll olunmadan heç nə baş verməyəcək”, – deyə Fidan qeyd edib.

Türkiyənin xarici işlər naziri həmçinin Türkiyə-Ermənistan münasibətlərinə toxunaraq, Ankara hökumətinin normallaşma prosesini davam etdirməyə hazır olduğunu bildirib.

Fidanın sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi əsasında Türkiyə ilə Ermənistan arasında bir sıra mühüm addımlar atılıb. Bu addımlar birbaşa ticarət əlaqələrinin və hava nəqliyyatı əlaqələrinin inkişafını da əhatə edir.

Oxşar